Kor olmaq təhlükəsi yaşayan, “Milan”ın üz çevirdiyi Lentini Yazı+Fotolar
İndi dünya futbolunun ən bahalı futbolçuları kimlər sayılır? Lionel Messi, Neymar, Kriştiano Ronaldo, Kilian Mbappe… Bir zamanlar futbolda “ən bahalı” ünvanını daşıyan başqa futbolçular var idi.
Komanda.az sizə onlardan biri – Canluici Lentini haqda olan yazını təqdim edir:
Canluici Lentini bugünkü dəyərlə 13 milyon pound qarşılığında “Torino”dan “Milan”a transfer olundu. Bu keçid, futbol tarixinin transfer rekordlarından biri idi. Lentini 1992-1993-cü il mövsümündə “Milan”ın çempion olmasında böyük pay sahibi olmuşdu. 1993-cü ilə kimi onun karyerasında hər şey yolunda idi, öz maşını ilə komandanın hazırlıq mərhələsi üçün Cenoaya gedənə qədər.
Lentininin həyatının və karyerasının ən yaxşı dövründə keçirdiyi avtomobil qəzası ilə hər şey məhv olur. Başından və göz çuxurlarından zədə alan Lentini, iki gün komada qalır. Əvvəlcə ölümlə mübarizə aparan futbolçu, daha sonra kor qalmaq təhlükəsini aşır. Bir ilə yaxın yaşıl meydanlardan kənarda qalsa da, yenidən futbola qayıtmağı bacarır. Amma futbola qayıdan 2-3 il əvvəl fırtına kimi əsən Lentini deyil, adi futbolçu idi.
Lentininin futbola göstərdiyi inamı “Milan” ona göstərmir və onunla yollar ayrılır. Lentini bir mövsüm əvvəl A Seriyasına yüksəlmiş “Atalanta”ya transfer olunur. Bu klubda bir mövsüm keçirən Lentini, 31 oyunda iştirak edir və göstərdiyi oyunla “Atalanta”nın liqanı 10-cu yerdə bitirməsində pay sahibi olur. Həmin mövsüm ona inanmayan “Milan” çempionatı 11-ci yerdə bitirdi. Lentininin bu oyunu yenidən diqqətləri ona yönəltmişdi. Bunun nəticəsidir ki, 2 milyon pound qarşılığında doğma şəhərini təmsil edən “Torino”ya keçir.
Lentinini “Milan”a satdıqdan bir mövsüm sonra B Seriyasına yuvarlanan “Torino”, əvvəlki gücünü keçmiş futbolçusu sayəsində qaytarmaq istəyirdi. Lentini gözləntiləri doğruldur, iki mövsüm sonra doğma klubu A Seriyasına yüksəlir. Əvvəlki gücünü bərpa etməyə başlayan Lentininin qarşısını bu dəfə zədələr kəsir. Ardıcıl zədələr səbəbi ilə 90-cı illərin sonunda karyerasında eniş yaşayan Cici üçün yenidən B Seriyasının qapıları açılır. Bu dəfə “Kosenza” formasını geyinən futbolçu, burda üç mövsüm keçirir və azarkeşlərin böyük sevgisini qazanır. Bu dəfə klubun uğurlarında pay sahibi olduğu üçün deyil, 6 minlik kiçik stadionda azarkeşlərə keçmiş, bəlkə də, “yoxa çıxan” bir ulduzu izləmək şansı verdiyi üçün idi bu sevgi.
Bütün yaşadıqlarına baxmayaraq, Lentini bu oyundan imtina etmədi, 43 yaşına qədər həyatını futbol oynayaraq qazanmış oldu. Sadəcə, müəllim məvacibi qədər pul qarşılığında bir neçə həvəskar komandada forma geyindi. Bir zamanların “bahalı ayaqları”, ölümdən döndükdən sonra futboldan uzaq qaldığı illərin acısını çıxarmağa çalışırdı. Onun oyununu izləmək şansı olanlar üçün o, hələ də, ən yaxşılardan biridir.
Aygül Qarayeva
Bizi Facebook-da izləyin