“Komandanın nümayiş etdirdiyi oyundan məmnunam” – Elmar Baxşıyev
Futbol üzrə Azərbaycan Premyer Liqasının 7-ci turunun “Qəbələ” – “Səbail” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
Komanda.az sizi 40 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:
“Futboldan yox, ordumuzdan və qazandığı uğurlardan danışmaq istəyirəm. Bu, bizi sevindirir. İnanırıq ki, millətimizi hər gün sevindirəcəklər və bizim torpaqlarımızı geri alacaqlar. Qəlblə və ürəklə onların yanındayıq. Allahdan onlara dua edirik, şəhidlərimizə Allah rəhmət eləsin.
Oyuna gəlincə, fərqli hissələr izlədik. Ümumi götürəndə komandanın nümayiş etdirdiyi oyundan məmnunam. Futbolçular görmək istədiyim oyunu göstərir. Sadəcə, epizodları dəyərləndirməkdə çətinlik çəkirik. İnanıram ki, qarşıdakı matçlarda bunları da aradan qaldırıb qələbələrimizi qazanacağıq. Hər oyunda 4-5 yüz faizli qol imkanı yaradırıq. Psixoloji təzyiqi hiss etmirik. Komanda bunu yaradırsa, deməli, hər şey qaydasındadır. Həmin epizodlarda bir az soyuqqanlılıq çatmır. İnanıram ki, bu da qaydasına düşəcək. Oyunu hissələrə böldüm. İlk 20 dəqiqəni yaxşı keçirdik, ilk yarının davamı və ikinci hissənin əvvəli oyun bir az qaydasında getmədi. Sonra futbolçular toparlandı və öz oyunumuzu nümayiş etdirməyə başladılar”.
Bizi Facebook-da izləyin