“Komandada psixoloji gərginlik var idi” – Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 12-ci turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 7:1 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə idi. Bəzi fikirlərimiz var idi. Meydanda bunlardan istifadə etməyi çox istəyirdik. Çox olmasa da, alınan epizodlar oldu. Son vaxtlar komandada psixoloji gərginlik var idi. Amma toparlana bilmişdik. Komandamı təbrik edirəm. Azərə və “Kəpəz”ə uğurlar arzulayıram. Futbolda belə nəticələr olur. Bundan sonra uğurlu oyun oynasalar, hər şey tam əksinə ola bilər. Azərə inanıram. İlk matçda onlarla 1:1 oynamışdıq, “Kəpəz” “Neftçi”yə qalib gəlmişdi, “Sabah”la bərabərə qalmışdı. Çempionluq uğrunda oynayan komandalardan xal alıblar. Deməli, onların potensialı var. Uğursuzluq zolağıdır. Çıxacaqlar.
Mateus “Bayer”lə oyuna tam hazır olmayacaq. “23-lük”də yer ala bilər. Amma Lunyovun hazır olma ehtimalı çoxdur. Sabahdan komanda ilə məşqlərə başlayacaq. Görək həkimlər nə deyəcək. Yüklənmələr çoxdur. Hansısa futbolçu dözür, hansısa yox. Bu mövsüm ciddi zədə Marko Veşoviçdə olub. Abbas Hüseynov ötən mövsümdən zədəli idi. Digər zədəlilərimiz qaydasına düşür. Mateus da sabahdan komandaya qoşulacaq. Fubtolun silinməyən qaydalarıdır. Ya hazırlıqsızlıqdan olur, ya da yüklənmədən. Birinciyə görə olsaydı, narahat olardım. Amma yüklənmələrdəndir. İşimizi daha da ehtiyatlı tutmalıyıq. Bəzən risklərə də gedirik.
Futbolçu nə qədər çox qol vursa, assist etsə, ona inam verir, həvəsləndirir. Bura gələnə qədər paltardəyişmə otağında onun söhbəti oldu. Futbolçular dedi ki, Benzya ilk dəfə het-tririk etdi. Mən də dedim ki, 100 manat bonus olacaq. Güldülər. Sevindirici haldır. Amma bir az çox mükafat verəcəyəm. Het-trik etməyin hansısa futbolçuya müsbət təsiri olur, kiməsə mənfi. Amma Benzya təcrübəlidir. Onun yaxşı formaya düşməsi üçün qolların faydası olacaq.
Güc olaraq “Bayer” bizdən çox yuxarıdadır. Çempionat və heyəti, klub olaraq çox ciddi addımlar atıblar. Nəticəsini də görürlər. Dəfələrlə istəmişik ki, belə rəqiblərə qarşı yaxşı oynayaq. Bizim də buna şansımız var. Bakıda doğma stadionumuzda oradakı matçdan daha yaxşı oynamağa çalışacağıq. Bu cür komandalar istənilən matça nəticəni təmin etsələr də, tam ciddi yanaşırlar. Ciddi oyun gözləyir bizi. Çox istəyirik ki, bu rəqibə qarşı daha aktiv, daha yaxşı oyun göstərəək. Rəqib nə qədər buna imkan verəcək, bunu da nəzərə alacağıq. İnanıram ki, oradakı oyundan daha yaxşısını Bakıda göstərəcəyik”.
Bizi Facebook-da izləyin