“Komanda istədiyimiz dinamikanı göstərə bilmir” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Linkoln”la cavab qarşılaşmasından öncə baş tutan mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, o, oyuna ciddi hazırlaşdıqlarını diqqətə çatdırıb:

“İlk oyunda qələbə qazandıq. Bizim üçün heç də asan olmadı. Komandamız istədiyimiz dinamikanı meydanda göstərə bilmir. Oyuna ciddi hazırlaşırıq. Sabah rəqib çox yaxşı müdafiə olunacaq. Futbolçularıma inanıram və yaxşı nəticə qazanacağımızı düşünürəm.

Bu gün həm Juninyonun, həm də Patrik Andradenin idman səviyyəsi bizi o qədər də qane etmir. Onlar məşqlərdə çox çalışırlar. Meydanda olub-olmayacaqlarına sabah qərar verəcəyik. Bizə bir az vaxt lazımdır.

Bakı bizim şəhərdir. Hər bir nöqtəsi bizə doğmadır. Oyunlarımızın çoxunu Tofiq Bəhrəmov adına Respublika Stadionda keçirmişik. Son oyunlarımızı isə Bakı Olimpiya Stadionunda (BOS) keçirmişik. Bu arena da futbolçularımızı qane edir. Azarkeşlərimiz çətin anlarımızda yanımızda olublar. Sabah bütün azarkeşlərimizi stadionda gözləyəcəyik. Maraqlı və baxımlı oyun sərgiləməyə çalışacağıq.

Heyətdə ciddi dəyişiklik gözlənilmir. Futbolçularımdan çox razıyam. Onlar ciddi şəkildə çalışırlar. Yaxşı kollektiv formalaşıb. 1 və 2 transfer ola bilər. Çalışırıq ki, heyətimizdə yeni bombardirlər olsun (gülür).

Statistikalara baxmırıq. BOS-da qələbə qazanmamağımızla bağlı düşüncələrdən uzaq durmalıyıq. İnşallah, sabahkı matçda uğursuz seriyaya son qoyarıq”.

Xatırladaq ki, ilk oyunda “köhlən atlar” 2:1 hesablı qələbə qazanmışdı.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button