“Çalışacağıq ki, “Qarabağ”a şans verməyək” – Müsahibə
“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Məhəmməd Kadiri bu komandanın heyətində meydana çıxdığı hər iki oyundakı çıxışı ilə diqqəti cəlb edib.
Komanda.az xəbər verir ki, qanalı futbolçu klub saytına müsahibə verib, arxada qalan 2 oyun və Azərbaycan Premyer Liqası barədə fikirlərini bildirib:
– “Qələbə” ilə oyun barədə nə düşünürsən?
– Düzdür, qələbə qazandıq, amma rəqibimiz yaxşı komandadır. Ötən mövsüm Azərbaycan kubokunu qazanıblar, eyni zamanda mövsümü 4-cü pillədə başa vurublar. Yəni bu komanda Konfrans Liqasında iştirak etmiş kollektivdir. “Araz-Naxçıvan” isə qısa vaxtda yığışıb, hələ formalaşma dövrünü keçir.
– Hər iki oyuna görə “Araz-Naxçıvan” haqda xoş sözlər deyilir. Komanda hansı oyunu daha yaxşı keçirdi?
– Razıyam, ola bilər “Turan Tovuz”la matçda bu cür çıxış edəcəyimizi gözləmirdilər. Həmin matçda da yaxşı oynadıq. Amma müqayisə etsək, məncə, “Qəbələ”yə qarşı daha üstün oyun göstərdik. Nəticə də fikrimi təsdiqələyir. Tədricən daha yaxşı oynayacağıq.
– Növbəti oyunda son çempion “Qarabağ”a qarşı çıxış edəcəksiz. Bu matçla bağlı nə düşünürsən?
– “Qarabağ” haqda məlumatımız var. Bu komandanın gücünə də, qazandığı nəticələrə də bələdik. Əlbəttə, onlara qarşı oynamaq çətin olacaq. Amma biz çalışacağıq ki, rəqibə şans verməyək.
– Kadiri hazırda oyunlara neçə faiz hazırdır?
– Bir müddət idi oynamırdım. Fərdi məşqlərlə kollektiv çalışmalar, eləcə də oyun keçirmək fərqlidir. Hazırda 75 faiz hazıram. Amma qısa vaxtda geriliyi aradan qaldıracam və yüz faiz hazır olacam ki, komandama da istədiyim kimi kömək edə bilim.
– Vaxilə Kiyev “Dinamo”sunda çıxış etmisən. Bu komandanın ölkəmizdə çoxsaylı azarkeşlərinin olduğunu bilirdin?
– Nə gizlədim, bu haqda informasiyam yox idi. “Dinamo” böyük klubdur. Ukraynada da bu komandanın pərəstişkarları çoxdur. Azərbaycanda da “Dinamo”nu sevənlərin çox olması pis hal deyil. Vaxtilə bu komandada yaxşı günlərim olub.
– Premyer Liqa haqda nə düşünürsən?
– Bizi gərgin və maraqlı mübarizə gözləyir. Səviyyə baxımından komandalar yaxşı vəziyyətdədir. Hər kəs medallar və avrokuboklara vəsiqə uğrunda yarışır. Azarkeşlər üçün baxımlı, komandalar üçün isə gərin mövsüm keçəcək.
Bizi Facebook-da izləyin