“Həmin mövsümü unutmuşuq” – “Keşlə”nin kapitanı
“Keşlə”nin futbolçusu Slavik Alxasov klubun rəsmi saytına açıqlama verib.
Komanda.az xəbər verir ki, Bakı təmsilçisinin kapitanı açıqlamasında Antalyada davam edən təlim-məşq toplanışını dəyərləndirib və mövsümün ikinci yarısı barədə danışıb:
“Düşünürəm ki, mövsümün ilk yarısını yaxşı nəticə ilə başa vurduq. Əsas məqsədimiz ilk 3-lükdə qərarlaşmaq idi və bunu da bacardıq. Məqsədimiz Avroliqaya çıxmaqdır. Lakin artıq birinci dövrəni unudub, qarşıdakı 14 oyun haqqında düşünməliyik. Qış transfer pəncərəsi dövründə rəqiblərimiz güclənir, qarşıda bizi çətin oyunlar gözləyir.
Yanvarın 5-də Bakıda toplaşdıq, əsasən fiziki məşqlərə üstünlük verdik və artıq iki gündür ki, məşqlərimizi Antalyada davam etdiririk. Komandamızın hər bir futbolçusu baş məşqçinin tapşırıqlarını maksimum yerinə yetirməyə çalışır. İnanırıq ki, mövsümün ikinci yarısında da uğurlu çıxışımızı davam etdirəcəyik.
Əlbəttə, sevindirici haldır ki, qışda heyətdə köklü dəyişikliklər olmadı. Yalnız bir futbolçu – Şohruh Qadoyev transfer olundu və o da olduqca istəkli şəkildə komandaya qoşulub və “Keşlə” üçün əlindən gələni edəcək. Ötən il bizim üçün çox uğursuz alındı, lakin biz həmin mövsümü unutmuşuq. Futbolçular, məşqçi heyəti və rəhbərlik bir ailə olaraq, qoyulan məqsədə doğru inamla gedir”.
Bizi Facebook-da izləyin