“İlk oyunları Bakıda oynamağımız böyük üstünlükdür” – Səmədov
“Avropa çempionatının təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlığımız yüksək səviyyədə davam edir. Komanda özünü göstərə bilsə, hər iki yarışda yaxşı nəticələr əldə edə bilərik”.
Komanda.az xəbər verir ki, bu sözləri kişi voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Pərviz Səmədov federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
Səmədov, martda start verdikləri hazırlıq prosesinin plana uyğun getdiyini bildirib:
“İlk olaraq geniş heyətlə fiziki və texniki məşqlərimiz olub. Ardınca isə yoxlama matçları oynadıq. Sınaq görüşlərindən razı qaldım. Keçirdiyimiz hər qarşılaşmada daha yaxşı oyun göstərə bildik. Bu gün oyunçularımız özlərinin ən yaxşı formalarındadırlar. Hazırda son məşqlərimizi edirik. Danimarka və ardınca Türkiyə millisi ilə qarşılaşacağıq. İlk oyunları Bakıda oynamağımız bizim üçün böyük üstünlükdür. İnanıram ki, azarkeşlərimizin də dəstəyi ilə bu oyunlarda uğurlu çıxış edəcəyik”.
Azərbaycan millisi avqustun 3-də AÇ-2023-ün seçmə mərhələsində Danimarkanı qəbul edəcək. İslam Həmrəyliyi Oyunları 9-18 avqustda Türkiyənin Konya şəhərində keçiriləcək.
Bizi Facebook-da izləyin