“Karyeramı “Real”da başa vurmaq istəyirəm” – Kapitandan təkzib
Futbol üzrə İspaniya yığmasının kapitanı Serxio Ramos son günlər Madrid “Real”ını tərk edəcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.
Komanda.az xəbər verir ki, təcrübəli futbolçu Çin klubundan sərfəli təklif aldığı və bu üzdən də “Real”dan ayrılmaq istədiyi barədə iddialarla bağlı təşkil etdiyi mətbuat konfransında hər şeyi təkzib edib.
33 yaşlı futbolçu karyerasını Madrid təmsilçisində başa vurmaq istədiyi bəyan edib:
“15 gün sonra toyum olacaq. Belə bir ərəfədə rahat olmaq istəyirəm. Bu üzdən də gələcəyimlə bağlı sizinlə səmimi danışacam. Heç bir vaxt klub rəhbərliyi ilə aramda böyük bir problem olmayıb. Müqaviləmin sonunadək komandada qalmaq istəyirəm. Ayrılacağım gün çatanda da böyük qapıdan çıxmaq istəyirəm. Klubun ən çox qazanan futbolçusuyam? “Real”da pulsuz da oynayaram. Pul, ən kiçik problemdi. Klub prezidenti ilə də ötən gün söhbətimiz oldu və bu məsələni yoluna qoyduq. Çin klubundan təklif gəlsə də, bu, mənim planlaşdırdığım bir məsələ deyildi. Bu barədə həqiqəti əks etdirməyən xəbərlər yayılmaqdadı. Artıq bəsdi. Toyumdan 15 gün öncə vəziyyəti düzəltmək istədim. Toyumda Florentino Pereslə qucaqlaşacağam. Mən beləyəm. Nəsə yolunda getməsə, danışaram və yoluna qoyaram. “Real”la müqaviləmin müddəti 2021-ci ilin yayına qədərdi. Fiziki olaraq özümü yaxşı hiss edirəm. Karyeramı məhz burada başa vurmaq istəyirəm”.
Bizi Facebook-da izləyin