Joze Alesio: “Heyətimizə əl gəzdirəcəyik”
Növbəti dəfə Azərbaycan çempionu olan “Araz”ın (Naxçıvan) baş məşqçisi Joze Alesio Da Silvanın Futzal Federasiyasının rəsmi saytına müsahibə verib.
Komanda.az xəbər verir ki, braziliyalı mütəxəssis əvvəlcə EKOL komandasına qarşı keçirdikləri final matçını (9:2) dəyərləndirib:
“İlk dəqiqələrdən oyuna intensiv başladıq. Fikrimizdən sırf müdafiə olunmaq keçmirdi. Düzdür, oyunçularımızda az da olsa yorğunluq var idi. Ona görə də əvəzetmələri elə edirdik ki, həmin futzalçılar istirahət etmək imkanı qazansınlar. Final oyunu olduğuna görə, maksimum ciddi yanaşırdıq. Çünki bu görüşdə edəcəyin səhvin bərpası yox idi. Məqsədimiz çempion olmaq idi, buna da nail olduq.
Əlbəttə, istərdik ki, komandalar hamısı bir-birinə qarşı mübarizə aparacaq gücdə olsun. Pandemiya digər sahələr kimi, idmana da çox pis təsir etdi. Tədricən yumşalmalar baş verdi və zallar açıldı. Azarkeşləri bu cür oyunlar zamanı tribunalarda görmək istərdik.
Hakimlərin intizama bu qədər ciddi diqqət yetirməsini alqışlayıram. Amma onlar sarı vərəqələrdən çox rahat istifadə edirlər. Nəticədə cəzalı futzalçıların sayı hər dəfə artır. Aydın məsələdir ki, bu gün EKOL tam heyəti ilə çıxış etsəydi, final matçı daha maraqlı keçərdi. Amma cəzalı olduqlarına görə, 3 oyunçusu meydana çıxmadı.
Yeni mövsümlə bağlı müəyyən planlarımız var. Bizi yeni mövsümün startında UEFA Çempionlar Liqasının oyunları gözləyir. Heyətimizi gücləndirməliyik. Azı 2 futzalçı komandamıza qoşulmalıdır. Seçim zamanı legionerlərə üstünlük vermək istəmirəm. Çalışacam ki, yerli oyunçuların gücündən istifadə edim. Çünki biz həm də milli komandanı düşünməliyik. Qarşıdan dünya çempionatının seçmə mərhələsinin oyunları gəlir. Amma etiraf edim ki, bu gün seçim imkanımız çox azdır. Beynəlxalq oyunlarda kömək edəcək yerli oyunçu seçimi etmək çətindir. Yenə EKOL, “Neftçi” İK, “Baku Fire” kimi komandalara da baxacağıq. Əgər axtardığımız futzalçıları burada tapmasaq, o zaman əcnəbi oyunçular arasından seçim edəcəyik. İstənilən halda, heyətimizə əl gəzdirməli, ÇL-də yaxşı çıxış etməliyik”.
Bizi Facebook-da izləyin