Jalə Avropa çempionu oldu, Gültəkin bürünc medal qazandı
Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir.
Komanda.az xəbər verir ki, yarışın 4-cü günündə 3 qadın güləşçimiz mübarizəyə qoşulub.
Gültəkin Şirinova (53 kq) 1/4 finalda fransalı Çadya Ayaçiyə qalib gəlib – 12:7. Həmyerlimiz yarımfinalda almaniyalı Anastasiya Blayvasla qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə sonuncu xal prinsipinə əsasən rəqib qələbə qazanıb. Gültəkin bürünc medal uğrunda rumıniyalı Beatriçe Ferentlə güləşib və rəqibinə tam üstünlüklə (11:1) qalib gələrək Avropa çempionatının bürünc medalına sahib çıxıb.
Jalə Əliyeva (62 kq) 1/4 finalda Fransanın digər təmsilçisi Amelin Duarreni “tuşe” ilə məğlub edib. Güləşçimiz yarımfinalda polşalı Paulina Malqorzata Danişlə üz-üzə gəlib. Əliyeva bu rəqibinə çətinlik çəkmədən qalib gəlib. Jalənin finaldakı rəqibi serbiyalı Anna Fabian olub. Bu görüşdə də nəyə qadir olduğunu göstərən Gəncə güləş məktəbinin yetirməsi 6:2 hesablı qələbə qazanaraq Avropa çempionu olub.
Birgül Soltanova (65 kq) 1/4 finalda estoniyalı Viktoriya Vessoyla gərgin mübarizə şəraitində keçən görüşdə minimal fərqlə uduzub – 7:8.
Beləliklə, qadın güləşi üzrə millimiz AÇ-ni 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. Xatırladaq ki, bir gün öncə Elnurə Məmmədova (55 kq) gümüş, Nigar Mirzəzadə (68 kq) isə bürünc medal qazanıb.
Bizi Facebook-da izləyin