“Pis vərdişlərdən uzaq olmaq üçün kapoeyra ilə məşğul olun” – Müsahibə

Kapoeyra Azərbaycanda 1997-ci ildən tanınmağa başlasa da, insanların futbol, boks, güləş qədər üz tutmadığı, bəlkə də, bəzilərinin adını belə bilmədiyi idman növlərindən sayıla bilər. Amma bu idman növü əvvəlki illərə nisbətən indi daha çox tanınır.

Məlumat

Kapoeyra Cənubi Amerikada əsası qoyulmuş idman növüdür. Bu döyüş sənəti Azərbaycanda 1996-1997-ci illərdən “görünməyə” başlanıb. Mark Dakaskosun iştirakı ilə “Yalnız güclülər” filmi Azərbaycanda efirə çıxdıqdan sonra ölkəmizin müxtəlif bölgələrində, şəhərlərdə kapoeyra üzrə özünü təlim məşqlərinə başlanılıb. Bu dövrü kapoeyranın başlanğıcı hesab etmək olar.

Bu döyüş sənəti haqda daha yaxşı məlumat əldə etmək üçün Azərbaycan Kapoeyra Federasiyasına üz tutduq. Həmsöhbətimiz isə məşqçi, kapoeyra üzrə dünya çempionu Fərid Allahverdiyev oldu. Fərid bəy Komanda.az saytına müsahibəsində artıq 14 ildir bu idman növü ilə məşğul olduğunu dedi:

Fərid bəy, neçə ildir bu sahədəsiz?

– Artıq 14 ildir kapoeyra ilə məşğulam. Bu sahəyə əvvəldən marağım olub. Uşaqlıqdan kapoeyra kimi bir idman növü olduğunu da eşitmişdim. Dostlarım da həmişə mənim yanımda bu idman növü haqqında danışırdılar. Bir müddət düşündükdən sonra qərar verdim ki, kapoeyra ilə məşğul olum. Başladım və bir neçə aya çox sürətli inkişaf etmişdim. O vaxt necə inkişaf etdiyimi indi dərk edirəm. 

– Müəllimliyə nə vaxtdan başlamısız?

– 8-9 il öncə təlimatçı olaraq başladım. Artıq altı ildir ki, müəllim kimi çalışıram.

– Azərbaycanda bu idman növünə maraq vamı?
– Tam olaraq, qaydasız döyüş, güləş, boks kimi tələbat olmasa da, kapoeyra da tanınmağa başlayıb. Artıq hər yaşda tələbəmiz var. Həm qadın, həm də kişi, fərq etmir, hər kəs kapoeyraya üz tutur.

Biz Azərbaycanda kapoeyranın inkişafı üçün əlimizdən gələni edirik. 2013-2018-ci ildə Azərbaycanda kapoeyra üzrə dünya çempionatı keçirmişik. Bu isə Azərbaycanda kapoeyranın inkişaf etdiyinin sübutudur. Təşkilat komitəsi olaraq başqa idman növləri üçün də çempionat keçiririk. Hətta xaricdə də kapoeyra çempionatlarımız olur. Yəni təşkilat komitəsinin tərkibində keçirilir. Yarışlara böyük əmək sərf edirik.

Bu günə qədər hansı uğurlara imza atmısız?

– Ən böyük uğurum təbii ki, dünya çempionu olmaqdır. 2013-cü ildə Azərbaycanda keçirilən dünya çempionatında beş rəqibi dəf edərək, dünya çempionu oldum, ölkəmizin bayrağını qaldırdım və himnini səsləndirdim. Əvəzolunmaz hisslər idi. Bu il Budapeşt şəhərində (Macarıstan) beynəlxalq turnirdə çempion olmuşam. Hazırda Kapoeyra Federasiyasının məşqçisiyəm, azyaşlılardan ibarət yığma komandanın baş məşqçisi, eyni zamanda, böyüklərdən ibarət milli komandanın da kapitanıyam.

Kiçiklərdən ibarət yığma komandanın baş məşqçisi olaraq bu il Budapeştdə keçirilən çempionata 16 idmançı ilə qatıldıq və 14 medalla vətənə qayıtdq. Çox böyük uğurdur bizim üçün.

– Sizcə, gəncləri və uşaqları bu sahəyə yönləndirmək üçün hansı addımlar atılmalıdır?

– Balaca uşaqlar üçün xüsusi struktur formalaşdırmışıq. Məşqçilərimizlə birlikdə (mən də daxil olmaqla) uşaq baxçalarında balacalara kapoeyra tədris edirik.

– Yəni, təlim keçirsiz..

– Bəli, həm təlimçi kimi, həm də artıq müəyyən baxçaların işçisi olmuşuq. 4-5 ildir işlədiyim baxçalar belə, var. Böyüklər üçün isə şəhərin müəyyən yerlərində kapoeyra göstəriləri təşkil edirik. Hər kəsə tövsiyə edirik ki, pis vərdişlərdən uzaq olmaq üçün kapoeyra ilə məşğul olun. 16 yaşdan yuxarı idmançılar üçün 20 faiz endirim edirik ki, bu idman növünə yönəlsinlər. Mən imkanı olmayanlardan, şəhid və qazi ailələrindən ödəniş belə, tələb etmirəm. Mənim üçün vacib olan zalın boş olmamasıdır. İstəyirəm həvəsi olan hamı bu sahəyə yönəlsin. Burada hər kəs bir-birinə dəstək olur, böyüklər kiçikləri öyrətməyə çalışır. Hərəkəti yaxşı edənlərə əl çalırıq. Bu isə onları daha da həvəsləndirir. Məşq bitdikdən sonra xüsusi sağollaşmamız olur. Bu isə idmançılara stimul verir.

Kapoeyra sərt idman növü sayılmır, çünki rəqslə qarışıq olur. Biz uşaqlara həm rəqs, həm akrobatika, həm də özünümüdafiə öyrədirik. Böyüklərə və yarışda, dünya çempionatında  iştirak edən uşaqlara kapoeyranın bir az sərt tərəflərini öyrədirik. Çünki yarışda lazım olur. Kapoeyra ilə hobbi kimi məşğul olmaq istəyənlərə isə daha çox bu idman növünün mədəniyyəti haqqında məlumat veririk. Bəzən mənə sual verirlər ki, “35-40 yaşım var, alınar məndə?” Deyirəm ki, siz zala gəlin, ilk məşqdə ödənişsiz iştirak edin, xoşunuza gəlməsə, gedərsiz. Mənim 45 yaşında tələbəm olub. Hətta elə valideynlər var ki, uşaqları ilə birlikdə məşq edirlər. Ananın məşq etməsi uşaq üçün çox böyük stimuldur. Artıq çəkisi olanlar da bu idman növünü seçə bilər. Kapoeyranın yaşı yoxdur. Kapoeyrada hər yaş üçün nə isə var.

Gənclər və İdman Nazirliyi federasiyaya, idmançılara dəstək olurmu?

– Fərid Qayıbov idman nazirliyinə gəldikdən sonra ölkədə idman strukturu dəyişib. Xəbərimiz var və izləyirik. Dediyim kimi, biz ölkədə iki dəfə dünya çempionatı keçimişik və hər iki çempionatın maliyyəsini idman nazirliyi qarşılayıb. Bunlar Azad Rəhimovun vaxtında olub. Fərid Qayıbov da yəqin ki, bundan xəbərdardır. Bir müddət öncə isə eşitdik ki, Fərid Qayıbov bizdən xəbər gözləyir, xaricdə yarışımız olanda bizi maliyyələşdirib, orada iştirak etməyə göndərsin.

Qarşıda hansı yarışlarınız var?

– Noyabr ayında Avropa çempionatı olmalıdır. Lakin dəqiq təsdiqlənməyib. Təsdiq gözləyirik ki, yayda intensiv şəkildə məşqlərimizə başlayaq, yığma komanda formalaşsın. Komanda formalaşıb əslində, sadəcə yarışa hazırlıq prosesi hələ başlamayıb.

Ölkə daxilində isə yaxın vaxtlarda Bakı şəhər kuboku keçirdik. Eyni zamanda, kəmər imtahanı olacaq, dünya kapoeyra federasiyasının prezidenti iştirak edəcək. Onu biz şəxsən özümüz dəvət edirik, Fərid Qayıbovla da görüşdürməyi planlaşdırırıq.

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button