“Hücumda uğurlu oynadıq” – Halil Atlı
“Lənkəran” ilə oyundan sonra “Gəncə”nin baş məşqçisi Halil Atlı klubun mətbuat xidmətinə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, komandasının qələbəsinə belə şərh verib:
“Komandamı son məğlubiyyətdən sonra bu gün meydanda verdiyi mübarizəyə, qələbəyə görə təbrik edirəm. Oyuna yaxşı başladıq. Komandamızın ehtiyat qüvvəsi olan gənclərə də önəm veririk. Matçda onlara oynamaq imkanı yaratdıq. Əllərindən gələni etdilər. Hücumda uğurlu oynadıq. Yolumuza davam edirik. “Lənkəran” Gəncəyə itkilərlə gəlmişdi. İki oyunçuları yox idi. Yaxşı komandadı, yaxşı da çıxış etdilər. Qrupdakı güclü kollektivlərdən biridir. Biz kubok oyununa hazırlaşacağıq. Bu arada azarkeşlərimizə də təşəkkür edirəm. Zal dolu idi. Bizi sona qədər dəstəklədiklər. Gəncə azarkeşləri önündə oynamaq qürurvericidir. Onların bizim adımızı çağıraraq səs-küy yaratması xoşdu. Bizi motivasiya edirlər. Qələbədə payları var. Zəfəri onlara həsr edirik. “Ordu” ilə növbəti ev görüşündə tribunaların daha çox dolacağına əminəm”.
“Gəncə” – “Lənkəran” qarşılaşması meydan sahiblərinin 94:66 hesablı qələbəsi ilə yekunlaşıb.
Bizi Facebook-da izləyin