“Heç bir futbolçuma haqsızlıq etmərəm” – Ayxan Abbasov
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, Sumqayıt təmsilçisinin çalışdırıcısı 2:2 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
- Bu gün futbolçularım meydanda istədiyim əzmkarlığı göstərdi. Məncə, taktiki baxımdan da düz oynadıq, istədiyimiz qolları vurduq. Son dəqiqədə qol buraxdığımız üçün məyus olduq. Əsas məqsədimiz futbolçularımızın oyundan-oyuna daha yaxşı performans göstərməsidir. Bu gün Aydın Bayramovun qapıda belə inamlı durması bizi sevindirir. O, gələcəkdə milliyə əsas namizədlərdəndir. Qarşıda bizi “Qəbələ” ilə çətin səfər oyunu gözləyir.
- Vahid lidersiz, bu gecə rahat yatacaqsız?
- Ötən il də bir həftə lider qalmışdıq. Hər il nəyisə artırırıq.
- Sizin Cavid İmamverdiyevdən daha çox qaçdığınızı düşünürəm. Meydana daxil olduqdan sonra sanki heç qaçmırdı…
- Cavid İmamverdiyein oyuna qoşulması çətin idi. Cavidi qazanmaq istəyirik, lazım olan anda topu saxlaya bilər. O, tam hazır olanda bundan da yaxşı olacaq. Ehtiyatda gənc futbolçular var idi, tempin yüksək olmasına görə onları riskə atmaq istəmədim. Cavidin əsas tapşırığı irəlidə top saxlamaq idi.
- İsmayıl İbrahimlinin epizodunda hakim ikinci sarı vərəqə versəydi, sizin üçün daha rahat olmazdı? Qurban Qurbanov hakimin sarı vərəqə göstərməməklə düzgün qərar verdiyini dedi…
- Məncə, qırmızı vərəqə idi. Mənim bildiyim qayda-qanunlara görə, ikinci sarı vərəqə verilməli idi, çünki əks-hücumun qarşısını kəsdi. Məncə, Hakimlər Komitəsinin sədri Stuxlik bu epizodu müzakirə etməlidir. Düşünürəm ki, baş hakim İsmayıla güzəştə getdi.
- Komanda indi yaxşı vəziyyətdədir. Bu komanda daha əvvəl bu hala gəlsəydi, “Şkendiya” ilə oyun fərqli ola bilərdi?
- Mən əvvəl də demişdim ki, bizə zaman lazımdır. “Şkendiya” da pis komanda deyil, amma bu gün onlarla maraqlı oyun oynaya bilərdik.
- Cavid və Elvin Bədəlovun oyunu haqda nə deyə bilərsiz?
- Elvin bu gün müdafiəçilərimizin arasında ən yaxşı formada olanıdır. Bəlkə də, son epizodda fikirləşdi ki, rəqibə çatar. Düzdür, rəqibi yıxıb, risk etmək olardı. Cavidin potensialı var, ona bir oyunla qiymət verməyək. Bizim hücum xəttimizdə bir Əli Qurbani var, ona görə rəqabətsizlikdir. Cavidin bu rəqabətə qoşulub, bizə fayda verəcəyini düşünürəm.
- Seçim qarşısında qalsaz, Mehdi Cənnətovu, yoxsa Aydını oynadacaqsız?
- Biz Aydına Mehdi qədər inanırıq. Bu gün Aydın əsas heyətdə olmağa layiqdir.
- Elvini ən yaxşı adlandırmaqla, Cəmaləddinə haqsızlıq etmirsiz?
- Xeyr, sadəcə, sual Elvinlə bağlı oldu deyə onu dedim. Mən heç bir futbolçuma haqsızlıq etmərəm.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin