“Hara gəldiyimi yaxşı bilirdim” – MÜSAHİBƏ
Bir müddət əvvəl tanınmış idman jurnalisti, İdman Araşdırmaları Mərkəzinin rəhbəri Elşən Məmmədov Qusar Olimpiya İdman Kompleksinin direktoru təyin olundu. İdman mediasından müxtəlif sahələrə üz tutanların sayı az deyil. Amma idman jurnalistinin idman kompleksinə direktor təyin olunması ilk dəfə idi. Həmkarımızla söhbətdə yeni işi ilə bağlı danışdıq:
- Necə oldu ki, Qusar Olimpiya İdman Kompleksinə direktor təyin olunduz?
- Sentyabrın ortalarında Gənclər və İdman Nazirliyinin elan etdiyi müvafiq müsabiqəyə qatıldım və çoxsaylı namizəd arasından seçildim. Cənab nazir Fərid Qayıbovun əmri ilə oktyabrın 18-də bu vəzifəyə təyin olundum. Oktyabrın 20-də kollektivə təqdim olunaraq, işə başladım.
- Bu barədə təklif kimdən gəldi?
- İdman jurnalisti kimi 23 illik karyeramın son 8 ilində “Report” İnformasiya Agentliyinin idman şöbəsinin redaktoru və 10 ildir İdman Araşdırmalar Mərkəzinin sədri kimi təşkilati işlərdə özümü sınamışdım. Xüsusən, artıq 10 ildir həyata keçirdiyimiz “İlin Qalibləri” layihəsi, eləcə də, minifutbol və voleybol üzrə “Zəfər Kuboku” turnirlərinin doğurduğu ajiotaj məndə idmanın digər sahələrində çalışmaq istəyi yaratmışdı. Gənclər və İdman Nazirliyinin Qusar Olimpiya İdman Kompleksi ilə bağlı elanı bu baxımdan, yerinə düşdü. Elanı gördükdən sonra sənədlərimi onlayn qaydada nazirliyə təqdim etdim və müsabiqə mərhələlərindən keçərək, bu vəzifəyə təyin olundum. Özüm əslən Şimal bölgəsindən – Quba rayonundanam. Bu zona mənə çox doğmadır, daha əvvəl də Qusar Olimpiya İdman Kompleksində olaraq, kotteclərində istirahət etmişdim. Bir sözlə, hara gəldiyimi yaxşı bilirdim. Yenə özümə doğma olan sahədə çalışıram. İdman jurnalisti və İdman Araşdırmalar Mərkəzinin sədri kimi çoxillik təşkilati bacarığımı böyük bir idman qurğus unun rəhbəri kimi də göstərmək niyyətindəyəm.
- İdman jurnalistikası ilə olimpiya kompleksinə rəhbərlik etmək arasında böyük fərq olmalıdır. Hansı daha ürəyinizcədir?
- Əlbəttə, fərq böyükdür. İndiyədək idmanın nəzəriyyəsindən yazırdıqsa, artıq praktiki tərəflərini görür və bu istiqamətdə çalışırıq. Fikrimcə, insan harada çalışmasından asılı olmayaraq, o işi peşəkarcasına mənimsəməli və gedə bildiyi qədər irəliləməlidir. Son üç iş yerim – “APA-Sport”, “Lent.az” və “Report” agentliklərində idman bölməsini sıfırdan götürərək, Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman agentliyi” mükafatına layiq görüləcək səviyyəyə çatdırmağı bacarmışıq. Gələn il 15 illik yubileyini qeyd edəcək Qusar Olimpiya İdman Kompleksi ilə bağlı da qarşımıza böyük hədəflər qoymuşuq. Mənim üçün hər zaman praktiki işlərdə çalışmaq maraqlı olub. Özüm Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında magistratura pilləsinədək təhsil aldığımdan, idarəetmə sahəsində fəaliyyət göstərmək arzusunda idim. Bu baxımdan, Qusar Olimpiya İdman Kompleksinə rəhbərlik etmək mənə həqiqətən də çox maraqlı gəlir.
- Növbəti ildə idman kompleksinizdə hansı turnirlərin təşkil edilməsi nəzərdə tutulur?
- Kompleksimizdə hər ay turnir təşkil olunur. Noyabrda kikboksinq üzrə “Zəfər Kuboku”, dekabrda isə Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə voleybol turniri keçirmişik. Gələn il isə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə kompleksimizdə bir çox növlər üzrə turnirlərin təşkili nəzərdə tutulub. 24-26 dekabrda isə bütün ölkə üzrə “Birlikdə üzək” adlı üzgüçülük turniri keçiriləcək. Qusar Olimpiya İdman Kompleksi də bu turnirə təşkilatçılıq edəcək qurğular arasındadır. Son zamanlar Gənclər və İdman Nazirliyi tərəfindən bölgələrdə Azərbaycan çempionatları və digər yarışların keçirilmə tendensiyası müşahidə edilməkdədir. Təbii ki, Qusar Olimpiya İdman Kompleksi də belə yarışları təşkil etməyə hazırdır. Bu, istər əl oyunları, istər döyüş növləri, istərsə də üzgüçülük zalımıza aiddir.
- Uşaq futbolunun inkişafı ilə bağlı hansısa addımların atılması düşünülür?
- Kompleksimizdə Qusarın “Şahdağ” klubunun uşaq komandaları icarə əsasında məşq edirlər. Gələn ildən isə AFFA-nın uşaq liqalarında Qusar Olimpiya İdman Kompleksinin komandası çıxış etməyə başlayacaq. Bundan başqa, təmirə bağlanılmış Respublika Olimpiya İdman Liseyinin 160 şagirdi noyabrın sonlarından kompleksimizin otelində məskunlaşıb və bizim idman zallarımızda məşq edirlər. Fəxr hissi ilə deyə bilərik ki, gələcəyin Avropa, dünya və hətta olimpiya çempionları hazırda Qusar Olimpiya İdman Kompleksində yetişməkdədir. Lisey şagirdləri arasında futbol bölməsinin üzvləri də var.
- Bölgədə gənclərin idmana həvəsi, turnirlərdə iştirakı paytaxtla müqayisədə hansı səviyyədədir?
- Qusarda idman gənclərin əsas əyləncələrindən biri, asudə vaxtlarını keçirməkdən ötrü başlıca vasitələrindəndir. Hətta soyuq havalarda da valideynlər övladlarını futbol, voleybol, badminton, yunan-Roma güləşi, gimnastika, boks, kikboksinq, karate, sambo, ciu-citsu bölmələrinə böyük həvəslə yazdırırlar. Hər axşam minifutbol və voleybol zallarımızda oyunlar olur. Ümumi nisbətdə Qusarda idmana maraq Bakıdakından heç də az deyil.
- Gənclər və İdman Nazirliyinin sahə üzrə ayırdığı maliyyə sizi qane edirmi?
- Nazirliyimiz tərəfindən kompleksimizə hərtərəfli diqqət və qayğı göstərilir. Rəhbərliyimiz də çalışır ki, idman qurğuları daim işlək vəziyyətdə olsun. Cənab nazir Fərid Qayıbovun tapşırığına uyğun olaraq, soyuq aylarda da idman zallarımızın istilik sistemi ilə təchizatı və zallarımızdan istifadənin lazımi səviyyədə olmasını təmin edə bilmişik.
- İdman jurnalisti kimi fəaliyyətinizi aktiv şəkildə davam etdirirsiz?
- Əlbəttə, hazırda idman jurnalistikasındayam, “Sportnet.az” saytının rəhbəri, Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin İdarə Heyətinin üzvü kimi qalıram. Kompleksdə işlərin çoxluğu ilə əlaqədar yazılar yazmağa elə də vaxtım olmur. Lakin saytın əməkdaşları qoyulan tapşırıqlara uyğun işlərini davam etdirirlər.
- Qusarla Bakı arasındakı yol. Yorucu deyil?
Qusar – Bakı yolunun böyük hissəsi hazırda təmirdədir və bu səbəbdən, rayona turist axınında azalma baş verib. Açığı, yol yaxşı vəziyyətdə olduğu vaxt Qubada yaşayan doğmalarımı görməyə az-az gedirdim. Amma indi bir tərəfi işlək, digər tərəfi təmirdə olan bu yolu daha çox qət etməli oluram. Sumqayıtdan Bakıya 30 km-lik məsafəni tıxaclarla iki saata getməkdənsə, eyni müddətə Qusar – Sumqayıt yolundan istifadə daha rahatdır. Qusar – Bakı yolu tezliklə düzələcək, insanlar həm ödənişli, həm də ödənişsiz yollardan yararlanacaqlar. Arzu edirəm ki, Bakı yolları da tezliklə gediş-gəliş üçün rahat olsun.
Rövşən Əlisoy
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin