“Həmişə Azərbaycana gəlmək şansım olub” – Müsahibə
“Səbail”in yeni transferi İmanol İriberri klubun saytına müsahibə verib.
Komanda.az həmin müsahibəni təqdim edir:
– Karyeranıza baxarkən, diqqəti ilk cəlb edən indiyə qədər oynadığınız klubların sayı olur. Tez-tez, demək olar ki, hər mövsüm klub dəyişmisiz. Bunun səbəbi nə idi?
– Argentinadan çox gənc yaşımda ayrıldım, Paraqvaya getdim. Bu ilk təkan idi. Karyeramın çox hissəsini Venesuela və Boliviyada keçirmişəm. Bəzən getdiyim ölkələrdə olan vəziyyət mənim orada uzun müddət qala bilməməyimə gətirib çıxarıb. Bəzən yaxşı təkliflərə və bəzən isə daha yaxşı hədəflərə görə başqa klublara getmişəm. Venesueladakı siyasi vəziyyətə görə qərara aldım ki, ailəmlə birlikdə oranı tərk edim. Mənim üçün futbolda maddi maraqlar hər zaman ikinci planda olub. Fikirləşirəm ki, futbol Allahın bir lütfüdür. Qısa futbolçu karyerası ərzində futboldan öyrənmək, oyundan həzz almaq daha önəmlidir.
– Argentina, Paraqvay, Portuqaliya, Venesuela və s. kimi ölkələrin klublarında oynamısız. İndi isə tam fərqli bir futbol mühitinə düşmüsüz. Bu barədə fikirlərinizi bilmək istərdik…
– Düzünü deyim ki, həmişə Azərbaycana gəlmək şansım olub. Hələ “Boavişta”da oynayarkən menecerimlə bu barədə söhbət etmişdim. Əlbəttə, futbol cəhətdən hər bir ölkənin özünəməxsusluğu var. Həmişə başqa ölkəyə gedərkən adaptasiya bir az çətin olur. Amma Bakıya gəlməzdən əvvəl burada oynayan dostlarımdan Huqo Barqas Qarsiya ilə Azərbaycan futbolu barədə danışmışdım və ölkə haqqında çox müsbət fikirlər eşitmişdim. Bu şans yarananda, artıq heç bir tərəddüd etmədən qəbul etdim. Burada həm futbolçular, həm çempionat məni müsbət mənada çox təəccübləndirdi.
– Azərbaycan barədə eşitdikləriniz sayəsində formalaşan təsəvvürünüz və burada gördükləriniz bir-birini nə dərəcədə tamamlayır?
– Hər bir futbolçu hər hansı ölkəyə getməzdən öncə özü üçün araşdırma aparır, dost-tanışlarından məsləhət alır. Hər zaman Azərbaycan barədə müsbət təsəvvürüm olub. Buraya gəldikdən sonra həqiqətən çox düzgün qərar verdiyimə əmin oldum. Bakı çox gözəl şəhərdir. İnsanlar həddindən artıq mehribandır. Hələ ilk gündən bunu hiss etdim. Baxmayaraq ki, “Səbail” gənc klubdur, inanıram ki, biz çalışaraq öz hədəflərimizə nail olacağıq.
– Artıq Premyer Liqada debüt etmisiz. İlk oyununuz barədə təəssüratlarınız necədir?
– İkinci hissədə meydana daxil oldum. Əlbəttə, əvəzetmədən oyuna daxil olmaq asan deyil. Çünki başqa futbolçularla eyni ritmdə olmursan, digərləri ilə konsentrasiya fərqli olur. Amma sevinirəm ki, qalib gəldik. Çempionat çox çətindir və qarşıda bizi ağır oyunlar gözləyir. Fikrimcə, daha az səhvə yol verən komanda müsbət nəticəyə daha yaxın olacaq. İnanıram ki, futbolçularımız Azərbaycan çempionatında oynayan istənilən kluba qalib gəlmək əzmindədir.
– Komandadakı ab-hava sizi qane edirmi?
– Çox istedadlı, sadə və çalışqan komanda ilə qarşılaşdım. Birinci məşq çox çətin idi. Adaptasiya dövrü, uyğunlaşma… Amma futbolun bir dili var, bütün dünyanın hər yerində futbolun dili eynidir və bu dil bizi birləşdirir. Komanda yoldaşlarıma təşəkkür edirəm. Onlar məni çox mehriban qarşıladılar. Komandamızda istedadlı oyunçular var və əminəm ki, hədəflərimizə nail olacağıq. Bunun üçün bütün varlığımla səy göstərəcəyəm. Çünki Azərbaycanda qalmaq və burada uğur qazanmağı çox istəyirəm.
– “Səbail”in azarkeşlərinə sözünüz…
– Azarkeşlərimizin hər zaman “Səbail”in yanında və hər zaman “Səbail”ə dəstək olmalarını arzu edərdim.
Bizi Facebook-da izləyin