“Getmək haqda düşünürəm” – Azər Məmmədov
“Kəpəz”in baş məşqçisi Azər Məmmədov Azərbaycan Premyer Liqasının 12-ci turunda səfərdə “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:7 hesabı ilə məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları :
“Çox üzücü məğlubiyyətdir. Amma reallıq var. “Qarabağ” bizdən qat-qat üstündür. Onların əsas heyətinə qarşı oynamaq hər komanda üçün çətindir. Əsasən də bizim üçün. Uşaqlar nəsə etməyə çalışdı. Amma çalışmaqla bərabər, əzmkarlıq çatışmırdı. “Qarabağ”a qarşı ancaq əzmkar olsan, nəticə qazana bilərsən. Onlarla 1:1 oynayanda, əzmkarlıq göstərmişdik. Bu gün əzmkarlıq, mübarizlik çatışmadı. Bizim komanda sonuncu pillədədir. Bu yerdə olan komandanın nəticələri ürəkaçan olmur. Hər şeyə rəğmən, çalışmışam ki, ehtiyat skamyada dik dayanım. Heç kim görməsin ki, məğlubiyyətə görə əyilirəm. Sadəcə bu gün özümü narahat hiss etdim. Uşaqlara səs tonu lazım idi, mən bacarmadım, Etibar müəllimə həvalə etdim.
“Qarabağ” hər il başqa komandalarla matçda da böyük hesablı qələbələr qazanıb. Bu gün də bizim üzərimizdə qazandılar. Bu, mənə bərk toxunur. Bu gün rəhbərliklə görüşəcəm. Söhbətimiz olacaq. Qərar nə olacaqsa, yaxın günlərdə açıqlanacaq. Getmək haqda düşünmürəm desəm, yalançı olaram. Bəli, düşünürəm”.
Bizi Facebook-da izləyin