“Gent”lə oyuna Aminlə çıxmaqdan qorxmuruq” – Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 22-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:1 hesabıyla başa çatan matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Maraqlı oyun alındı. Qış fasiləsindən sonra ilk matç idi ki, dinamik, sürətli keçdi. Futbolçularımdan razı qaldım. Bu gün heç bir komanda uduzmağa layiq deyildi. Hər iki komandaya uğurlar arzulayıram. Ədalətli nəticə bərabərlik idi.
Mübahisəli penalti epizoduna gəlincə, Elçin Məsiyev bizim qohumumuz deyil. Epizodlara diqqətlə baxmaq lazımdır. Həmçinin də Ramil Şeydayevin epizoduna. Hakimliklə bağlı o qədər yeniliklər var ki. Romaonun harada olduğuna, aradakı məsafəyə də diqqət yetirmək lazımdır. Ən ədalətli insanlar hakimlər olmalıdır. Ən ağır peşə də onlarındır. Bu epizodla bağlı bizim “feyr-pley” nümayiş etdirəcəyimiz məqam yox idi. Bu, mənə aid olmayan epizoddur”.
Qurbanov Avropa Konfrans Liqasında Belçika “Gent”inə qarşı keçirəcəkləri pley-off oyunlarında Amin Ramazanova güvənəcəklərinə dair ehtimalları da dəyərləndirib:
“Bu gün meydana bu heyəti buraxmağımız “Gent”lə matçda da ilk dəqiqələrdən eyni futbolçuların oynayacağı anlamına gəlmir. Rəqibin oyunlarına baxacağıq. Ondan sonra qərar verəcəyik. Elə anlar var ki, biz tələsməli deyilik. Hər bir futbolçunun “Gent”lə qarşılaşmada oynamaq ehtimalı var. Qarşıdakı günlərdə baxacağıq kim hansı səviyyədədir. Musa da olsa, Amin də olsa, nə vaxtsa bu oyunun gücünü hiss etməlidir. “Gent”lə oyuna Aminlə çıxmağa qorxmuruq. Heç vaxt qorxmamışıq. “Gent” yaxşı komandadı, yaxşı liqada oynayır, keyfiyyətli futbolçuları var. Hansı oyunçu ilə də meydana da çıxsaq, istənilən rəqibin üzərinə getməyi qarşımıza məqsəd qoymuşuq. Hansısa oyunu böyük hesabla uduza da bilərik. “Qarabağ”da əvvəllər gənc futbolçularla çox güclü klubların qarşısına çıxmışıq. Meydana kim çıxırsa, ona güvənirəm, inanıram. Heç nədən çəkinmirik”.
Baş məşqçi yeni transferlərin durumundan da söz açıb: “Yeni oyunçuların işə yanaşmalarından razıyam. Sadəcə, hazırlıq səviyyələri məni tam qane etmir. Diakabi bizə tez qoşulmuşdu. O da oyunlardan, məşqlərdən uzaq qalmışdı. Diakabinin hazırlığı digərlərinə baxanda daha yaxşı səviyyədədir. Amma ona da vaxt lazımdır. Benzia da öz formasından çox uzaqdır. Ona çox vaxt lazım ola bilər ki, əvvəlki formasını bərpa etsin. Tələsmirik. Ehtiyatlanırıq. Diakabi “Şamaxı” ilə matçda meydanda oldu, əzələsində bir az dartırlma oldu. “Gent”lə matç vacibdir. İstəyərdim ki, hamısı hazır olsun. İnanıram ki, hər üçü də komandamız üçün faydalı oyunçular olacaq”.
Qurbanov “Gent”in bu gün keçiriləcək çempionat oyununu izləməyə kimisə göndərmədiklərini bildirib: “Əvvəlki oyunlarına özüm də getmişdim. Bu gün heç kim getməyib. Ehtiyac görmədim. Vacib oyunumuz var idi, diqqətimiz buradaydı. Fərqli komandadır, fərqli sistemdə oynayırlar. Çox sürətli oyunçuları var, sürətli hücumlara keçirlər. Bizə xoş olmayan komandadır. Biz belə rəqiblərə qarşı çox oynamışıq. Son oyunlarına baxıb, ətraflı məlumat yığacağıq. İstəmərik ki, hansısa rəqibdən çəkinək”.
Bizi Facebook-da izləyin