“Gəncə” doğma meydanda uduzdu
Qadın voleybolçular arasında Azərbaycan çempionatında daha bir oyun baş tutub.
Komanda.az xəbər verir ki, ölkə birinciliyində debüt edən “Gəncə” klubu Bakının “Murov Az Terminal” komandasını qəbul edib.
Gəncə OİK-də keçirilən görüşdən əvvəl yerli komandanın Yüksək Liqada mübarizəyə başlaması, həmçinin ölkə çempionatının oyunlarının paytaxtla yanaşı bölgələrdə də təşkili münasibətilə tədbir təşkil olunub. İlk dəfə voleybol üzrə ölkə birinciliyinin oyunlarına ev sahibliyi edən Gəncə OİK-nin tribunaları yerli azarkeşlərlə dolu olub. Tədbirdə Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, digər rəsmi qonaqlar, federasiyasının nümayəndələri də iştirak ediblər.
Voleybol sevərlər tərəfindən maraqla qarşılanan açılış tədbirindən sonra isə qarşılaşmaya start verilib.
Gəncə OİK-də baş keçirilən görüş qonaqların üstünlüyü ilə keçib. Bakı klubu hər üç setdə üstün olub – 25:18, 25:17, 25:18.
Beləliklə, Yüksək Liqaya quru hesablı qələbə ilə başlayan “Murov Az Terminal” ilk xallarını aktivinə yazdırıb.
Qeyd edək ki, “Gəncə” klubu çempionatdakı bütün ev oyunlarını Gəncədə keçirəcək.
Yüksək Liqa (qadınlar)
“Gəncə” – “Murov Az Terminal” 0:3 (25:18, 25:17, 25:18)
Bizi Facebook-da izləyin