“Gəncə”nin İdarə Heyətinin iclası keçirildi

“Gəncə” voleybol klubunun İdarə Heyətinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda klubun prezidenti Elvar Osmanov komandanın qarşısına qoyulan hədəflərdən danşıb, heyətin Azərbaycan Yüksək Liqasına hazırlığı ilə maraqlanıb.

Komandanın yeni mövsüm üçün planları barədə çıxış edən klubun baş məşqçisi belaruslu mütəxəssis Sergey Çasnavitski voleybolçuların hazırlığı, məşq prosesi barədə məlumat verib, heyətin yeni mövsümün startınadək tam hazır olacağını diqqətə çatdırıb.

Görüşdə komandanın ev və səfər oyunlarına hazırlığı, qarşıdakı planlar və klubun texniki heyət üzvləri arasında koordinasiyasının daha da təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, yeni mövsümdə Azərbaycan Yüksək Liqasında debüt edəcək “Gəncə” heyətini komplektləşdirmək istiqamətində işləri davam etdirir. Hazırlığı davam etdirən komanda Azərbaycan milli komandasının üzvləri Nərmin Fərəcova, Leyla Parşkova, braziliyalı Fernanda Melo, serbiyalı Tiana Yovanoviç, rusiyalı idmançılar Olqa Zaxarova, İrina Klimanova, Anastasiya Salina, Arina Qotselyuk, Yuliya Tyuşeva, Anna Balberova və Anna Dmitrievanı heyətinə qatıb.

Yeri gəlmişkən, bu gün “Gəncə” voleybol klubu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanası arasında sponsorluq müqaviləsi imzalanıb.
Müqaviləni “Gəncə” voleybol klubunun prezidenti Elvar Osmanov və Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov imzalayıblar.

Bir illik imzalanan müqaviləyə əsasən, Gəncə Şəhər Birləşmiş Xəstəxanası “Gəncə” voleybol klubunun sağlamlıq sponsoru olacaq, komandaya ödənişsiz şəkildə müayinə, müalicə, tibbi baxış və sair kimi xidmət göstərəcək. Əvəzində isə komandanın ev oyunları zamanı meydançada yerləşən reklam lövhələrində, voleybolçuların formalarında Gəncə Şəhər Birləşmiş Xəstəxanasının loqosu yerləşdiriləcək. Kluba məxsus sosial media səhifələrində xəstəxananın da loqosunun yer alacağı paylaşımlar ediləcək və başqa marketinq xidmətləri də göstəriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button