“Maynts”da, “Norviç”də futbolçusu olan Lüksemburq – Yazı+Fotolar
Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının C Liqasının 1-ci qrupunun ilk oyununda, sentyabrın 5-də Lüksemburq yığmasıyla qarşılaşacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək və koronavirus pandemiyasına görə azarkeşsiz olacaq.
Lüksemburq milli komandası Bakıya 23 futbolçu ilə gələcək. Yığmamızın rəqibinin heyətindəki oyunçuların 18-i hazırda legioner həyatı yaşayır. Onlar arasında Almaniyada, İngiltərədə, Rusiyada, Portuqaliyada, Ukraynada, Belçikada və İsveçdə çıxış edən futbolçular var. Komandanın ümumi dəyəri “transfermarkt”da 15,43 milyon avrodur ki, bu da Azərbaycan yığmasından 1,35 milyon avro çoxdur. Millimizin dəyəri “transfermarkt”da 14,08 milyon avro olaraq göstərilib.
Lüksemburq yığması FİFA reytinqində 98-ci, Azərbaycan isə 114-cü sıradadır. Lüksemburq millisini Lyuk Holts çalışdırır. 51 yaşlı mütəxəssis 2010-cu ildən millinin “sükanı arxasındadır”. Onun rəhbərliyi ilə yığma 89 oyunda 17 dəfə qələbə qazanıb, 55 dəfə məğlub olub. Lüksemburq AÇ-2020-nin seçmə mərhələsində Ukrayna, Portuqaliya, Serbiya və Litva ilə bir qrupda mübarizə aparıb və 8 oyuna 4 xal toplayıb. Millimizin rəqibi Millətlər Liqasının 2018/19 mövsümündə D Liqasının 2-ci qrupunda Belarus, Moldova və San Marino ilə mübarizə aparıb. Lüksemburqlular 6 oyuna 10 xal toplasalar da, 2-ci sırada yer alaraq, turnirdə mübarizəni dayandırmışdılar.
Lüksemburq milli komandasının ən bahalı futbolçusu 4 milyon avro ilə Leandro Barreyrodur. 20 yaşlı yarımmüdafiəçi Bundesliqa təmsilçisi “Maynts”da çıxış edir. Azərbaycan yığmasının ən bahalı futbolçusu isə 1 milyon avro ilə Mahir Emreli hesab olunur.
Lüksemburq milli komandasının kapitanı Jan Lorandır. 27 yaşlı futbolçu 2012-ci ildə debüt etdiyi yığmada 64 oyuna çıxıb. Millinin bombardiri isə 16 qolla keçmiş hücumçu Mart Liondur. Lüksemburq yığması ev oyunlarını 8125 nəfərlik “Jozi Bartel” stadionunda keçirir.
Azərbaycan milli komandası Lüksemburq yığmasıyla üç dəfə qarşılaşıb. Bu görüşlərdən biri yoxlama, ikisi isə rəsmi olub. DÇ-2014-ün seçmə mərhələsində bir qrupda mübarizə aparan komandaların hər iki oyunu bərabərliklə bitib. Bakıdakı matç 1:1, Lüksemburqdakı oyun isə 0:0 hesabıyla başa çatıb. Azərbaycan millisi bir dəfə – 2010-cu ildə yoxlama oyununda lüksemburqluları məğlub edib – 2:1.
Azərbaycan klubları avrokuboklarda 10 dəfə Lüksemburq təmsilçiləri ilə görüşüb. Bu oyunlarda 7 qələbə qazanılıb, 2 dəfə də məğlubiyyət yaşanıb. “Qarabağ” “Düdelanj”, “Zirə” “Differdanj”, “Qəbələ” “Proqress” və “İnter” (indiki “Keşlə”) isə “Fola EŞ” klublarıyla qarşılaşıb. Lüksemburqlularla görüşlərdəki məğlubiyyəti “Qəbələ” və “İnter” klubları yaşayıb.
“Qarabağ”ın ötən il Avropa Liqasında “Düdelanj”la Lüksemburqdakı oyunu qalmaqalla yadda qalmışdı. Belə ki, “Qarabağ”ın vurduğu ikinci qoldan sonra “Jozi Bartel” stadionunun üzərinə dron vasitəsilə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilmişdi. Nəticədə oyunda fasilə yaranmış və matç 24 dəqiqədən sonra davam etdirilmişdi. Oyunda “Qarabağ” 4:1 hesabıyla qələbə qazanmışdı.
Lüksemburq bu mövsüm avrokuboklarda 4 komandayla təmsil olunurdu. Çempionlar Liqasının ilk təsnifat mərhələsində Moldova “Şerif”iylə qarşılaşan “Fola EŞ” rəqibinə məğlub olaraq, turnirdə mübarizəni erkən dayandırıb. “Fola Eş” yoluna Avropa Liqasında davam edəcək.
Lüksemburqu Avroliqada “Differdanj”, “Proqress” və “Yunion Titus Petanqe” klubu təmsil edirdi. Bu klublardan yalnız “Proqress” Avropa Liqasında 2-ci təsnifat mərhələsinə yüksələ bilib.
Şahin Cəfərov
Bizi Facebook-da izləyin