“Fofananın iki dişi sınıb, hazırda xəstəxanadadır” – Visente Qomes
“Sabah”ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, paytaxt klubunun ispan çalışdırıcısı 2:2 hesabıyla başa çatan oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Bu gün hər iki komandanın çox az qol fürsətləri var idi. Xeyrimizə olan hesabı sona qədər saxlaya bilmədik və heç-heçəylə razılaşdıq. Rəqibin ikinci qolu zamanı topu vuran futbolçunun cərimə meydanı daxilində niyə tək qaldığını aydınlaşdırmalıyıq. Rəqib belə rahat şəkildə qapıya zərbə vurmamalıdır. Çempionatın sonunda nə olacağını indidən demək çətindir. İndi yalnız qarşıdakı oyunlara köklənmişik. Hazırda da yalnız “Səbail”lə matçı düşünürük”.
Visente Qomes ikinci hissədə zədələnənən və əvəzlənmək məcburiyyətində qalan yeni transfer Tiemoko Fofananın durumu barədə də məlumat verib:
“Üzünə dəyən zərbədən sonra Fofananın iki dişi sınıb. Hazırda xəstəxanadadır. Boyun nahiyəsində də ağrıları var. Vəziyyətinin nə yerdə olduğunu tam dəqiqliyi ilə tibbi müayinədən sonra biləcəyik. Hətta bu vəziyyətdə oynamaq istəyirdi. Lakin həkimlə birlikdə qərara gəldik ki, əvəzləyək. Çünki bu tip ağır zərbədən sonra oyunçunun mübarizəni davam etdirməməsi daha yaxşıdır”.
Bizi Facebook-da izləyin