Federasiya rəsmisi Komanda.az-a açıqladı: Azərbaycan millisi Ermənistandakı yarışın əvəzinə Afrika çempionatına qatılacaq
Azərbaycan ağırlıqqaldıranları Afrika çempionatında iştirak edəcəklər.
Bu barədə Komanda.az-a Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) mətbuat katibi Kənan Məstəliyev məlumat verib.
Məstəliyev bildirib ki, Ermənistanın paytaxtı İrəvandakı Avropa çempionatında iştirak edə bilməyən idmançılar Tunisə yollanacaqlar. Afrika çempionatı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Yəni idmançıların orada qazanacaqları xallar olimpiadaya lisenziya xalları kimi nəzərə alınacaq.
Atletlər 11-20 may tarixlərində Tunisdə keçiriləcək qitə birinciliyində qüvvələrini sınayacaqlar.
Azərbaycan yığması Ermənistanda keçirilən Avropa çempionatında iştirak edə bilmədiyi üçün Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) alternativ olaraq Azərbaycan Ağır Atletika Federasiyasınabelə bir təklif göndərib. AAAF rəhbərliyi də bunu müsbət cavablandırıb.
Azərbaycan millisi 15-23 aprel tarixlərində Ermənistanda keçirilən Avropa çempionatına İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq), Əli Şükürlü (102 kq) və Nazilə İsmayılova (49 kq) ilə yollansa da, açılış mərasimi zamanı Azərbaycana qarşı edilən təxribat səbəbindən geri qayıtmaq qərarına gəlib.
Bizi Facebook-da izləyin