Federasiya prezidenti istefaya göndərildi
Fransa Futbol Federasiyasının (FFF) prezidenti Noel Le Qrey istefaya göndərilib.
Komanda.az xəbər verir ki, bu barədə FFF-in rəsmi saytı məlumat yayıb.
Bir ara adı təcavüz qalmaqalında hallanan Noel Le Qrey bir neçə gün öncə də milli komandanın sabiq futbolçusu Zinəddin Zidanla bağlı xoşagəlməz fikirlər səsləndirmişdi. Onun məhz bu açıqlaması futbol ictimaiyyəti tərəfindən kəskin tənqidlərə məruz qalmışdı. FFF-in bu gün bir araya gələn İcraiyyə Komitəsi onun vəzifəsindən kənarlaşdırılmasına qərar verib. Onu müvəqqəti olaraq vitse-prezident Filipp Diallonun əvəzləyəcəyi diqqətə çatdırılıb.
Xatırladaq ki, Noel Le Qrey son açıqlamasında Zinəddin Zidanla bağlı bu sözləri dilə gətirmişdi: “Mən Zidanla heç vaxt tanış olmamışam. Didye Deşamla (Fransa millisinin indiki baş məşqçisi) ayrılmağı düşünməmişdik. Bəzi jurnalistlər nə yazacaqlarını bilmədiklərinə görə nə isə icad etməyə çalışırlar. Zidanın Braziliya yığmasına baş məşqçi təyin olunması ilə bağlı xəbərlər haqda nə düşünürəm? Mənim heç vecimə də deyil. O, hara istəsə, gedə bilər. Mənimlə əlaqə saxlamaq istəsəydi, o zaman şansı olmazdı. Çünki zənglərinə belə cavab verməzdim”.
Bizi Facebook-da izləyin