Xorvatlarla oyuna 200 min, Azərbaycanla matç üçün 50 min avro
AÇ-2020-nin seçmə mərhələsinin son iki oyununda Azərbaycan və Xorvatiya ilə qarşılaşacaq Slovakiya yığmasının bu qarşılaşmalar üçün mükafatı müəyyənləşdirilib.
Komanda.az Slovakiya mətbuatına istinadən xəbər verir ki, Slovakiya Futbol Federasiyasının prezidenti Yan Kozaçik, hər iki oyun üçün ayrılıqda pul mükafatının təyin olunduğunu bildirib. Onun sözlərinə görə, Slovakiya millisi Xorvatiya yığması üzərindəki qələbəyə görə 200 min avro qazanacaq. Azərbaycan millisini məğlub etməyin mükafatı isə 50 min avro olacaq. Slovakiya millisinin üzvlərinə Bakıda keçirilən oyunda 5:1 hesabı ilə qalib gəldikdən sonra da 50 min avro pul mükafatı verilmişdi.
Federasiya prezidenti, yığma üzvlərinin cari seçmə mərhələdə ümumilikdə 340 min avro qazanc əldə etdiklərini bildirib.
Noyabrın 16-da Xorvatiya ilə qarşılaşacaq Slovakiya millisi, bu oyundan üç gün sonra – noyabrın 19-da Azərbaycan yığmasını qəbul edəcək.
Bizi Facebook-da izləyin