Fərqanədə “qızıl” qazandı – azərbaycanlı boksçu
Özbəkistanın Fərqanə şəhərində yeniyetmə boksçular arasında İsrailjon Rüstəmovun xatirəsinə həsr olunan beynəlxalq turnirə yekun vurulub.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, final döyüşlərində Azərbaycan millisinin 2 boksçusu çempionluq döyüşünə çıxıb.
Yığmanın üzvü Məhəmmədəli Aşurəliyev (54 kq) həlledici qarşılaşmada qazaxıstanlı Bekkoja Jaksılıqla üz-üzə gəlib. Gərgin keçən döyüşdə qələbə qazanan Aşurəliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Tağı Nəsibovun (50 kq) finaldakı rəqibi isə özbəkistanlı İlhom Erqaşev olub. Qarşılaşma ev sahibinin qələbəsi ilə yekunlaşdığından o gümüş medalla kifayətlənib.
Beləliklə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Tacikistan və Qırğızıstandan 164 idmançının qatıldığı yarışı milli komanda 1 qızıl, 1 gümüş və 2 bürünc mükafatla bitirib. Aşurəliyevin 1-ci, Nəsibovun 2-ci olduğu turnirdə Məhəmmədəli Qasımzadə (57 kq) və Ziya Həsənov (66 kq) 3-cü yeri tutublar.
Yarışın yekununda Azərbaycan millisinin baş məşqçisi Vaqif Kazımova və referi Fikrət Hacıyevə fəxri diplomlar verilib.
Bizi Facebook-da izləyin