“Fənərbaxça” onları icarəyə göndərdi

Türkiyənin “Fənərbaxça” klubu üç futbolçusunu icarəyə verib.

Komanda.az xəbər verir ki, Mergim Berişa “Auqsburq”a (Almaniya), Tyaqo Çukur “Dender”ə (Belçika), Dimitrios Pelkas isə “Hall Siti”yə (İngiltərə) göndərilib.

Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Hər üç futbolçu 2022/23 mövsümünün sonuna kimi icarədə çıxış edəcək.

“Auqsburq” Berişanın bir mövsümlük icarəsi üçün “Fənərbaxça”ya 300 min avro ödəyəcək. Mövsümün sonunda hücumçunun birdəfəlik satın alınması da nəzərdə tutulub. İstanbul klubu Mergimi 2021-ci ilin sentyabrında “Zalsburq”dan 5 milyon avroya transfer etmişdi. Almaniyalı forvard ötən mövsüm bu komandanın heyətində meydana çıxdığı 31 oyunda 7 qola imza atıb. 24 yaşlı futbolçu daha öncə “Liferinq”, LASK, “Maqdeburq” və “Altax” kimi komandalarda da çıxış edib.

Tyaqo Çukur İstanbul klubuna elə bu yay İngiltərə “Uotford”undan 250 min avro qarşılığında transfer olunmuşdu. 19 yaşlı hücumçu ötən mövsümü də “Donkaster Rovers”də icarədə keçirib. Niderlandda dünyaya göz açmış futbolçu, Türkiyənin əsas millisində 1 rəsmi matça çıxıb. İstanbul klubu onu “Dender”ə satınalma şərti olmadan icarəyə verib.

Dimitris Pelkas isə 2020-ci ilin oktyabrından “Fənərbaxça”da çıxış edir. Türkiyə nəhəngi onu həmin vaxt PAOK-dan 2.2 milyon avroya transfer etmişdi. Hücumameyilli yarımmüdafiəçi bu komandada 67 oyuna çıxıb. 28 yaşlı futbolçu bu matçlarda 13 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub. Yunanıstan yığmasında 26 oyuna 1 qol vurmuş Pelkas, “Apollon” (Kalamarias) və “Vitoriya” (Setubal) kimi klubların da formasını geyinib.

Xatırladaq ki, türkiyəli Acun Ilıcalının rəhbərlik etdiyi “Hall Siti” daha öncə “Fənərbaxça”dan Allahyar Sayyadmaneş və Ozan Tufanı da heyətinə qatmışdı.

Yeri gəlmişkən, “Hall Siti” Türkiyənin “Hatayspor” klubundan azad agent kimi ayrılan Adama Traoreni də transfer edib. Malidən olan 27 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. “Hatayspor” Traoreni 2020-ci ildə “Monako”dan transfer etmişdi. O, bu komandada 54 oyuna çıxıb, 1 qol və 9 məhsuldar ötürmə müəllifi olub. Daha öncə “Mets”, “Brügge”, “Rio Ave”, “Muskron”, “Lill” və “Bakaridjan” kimi klubların da formasını geyinmiş yarımmüdafiəçi, Mali yığmasında 14 oyuna 3 qol vurub.

“Fənərbaxça”nın bu yay yollarını ayırdığı Berke Özerin də yeni klubu müəyyənləşib. 22 yaşlı qapıçı Portuqaliyanın “Portimonense” klubu ilə anlaşıb. O, yeni klubu ilə 4 illik sözləşməyə imza atıb.

“Altınordu”nun yetirməsi olan Berke Özer, 2018-ci ildə 2.5 milyon avro qarşılığında İstanbul klubuna keçmişdi. Amma o, bu komandada cəmi 14 rəsmi oyuna çıxıb. Türkiyəli qolkiper 2019-2021 aralığında Belçikanın “Vesterlo” klubunda icarədə oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button