“Əsas hədəf pley-offa vəsiqə qazanmaqdır” – “Sumqayıt”ın kapitanı

“Ölkə çempionatında əsas hədəf pley-offa vəsiqə qazanmaqdır”.

Komanda.az xəbər verir ki, bunu “Sumqayıt”ın kapitanı İsmayıl Əliyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Basketbolçu yeni mövsümə hazırlıq planlarından və komandanın hazırkı durumundan danışıb:

“Məşqlərimiz intensiv şəkildə gedir, kollektiv daxilində münasibətlər çox əladır, anlaşma səviyyəsi yüksəkdir, bir-birimizə dəstək oluruq. Yeni baş məşqçimiz Aleksandr Mixaylovla ünsiyyətimiz də qaydasındadır, məşqlərdə onun verdiyi tapşırıqları anlayır ve yerinə yetiririk. Yeni legionerlərin səviyyəsi haqqında isə çempionat başlayandan sonra məlumat verə bilərəm, məşq prosesində hamısı özünü yaxşı tərəfdən göstərir”.

Əliyev pley-off şanslarından da danışıb:

“Hər bir komanda kimi, biz də mövsümü çox yaxşı keçirmək istəyirik və oyunlarda əlimizdən gələni edəcəyik ki, qalib gələk. Amma səfər oyunlarımız bölgələrdə olduğundan, bu həm fiziki, həm də mənəvi cəhətdən bizi yora bilər. Biz bir yerdə olacağıq və düşünürəm ki, bunun öhdəsindən gələ biləcəyik. Pley-offa düşmək üçün sona qədər mübarizə aparacağıq”.

Kapitan sonda Sumqayıt publikasına səslənib:

“Ötən mövsüm azarkeşlərimiz arenaya elə də çox gəlmirdilər. Ümid edirəm ki, bu mövsüm tribunada onların dəstəyini hiss edəcəyik. Sumqayıtlı azarkeşləri oyunlarımızı izləməyə dəvət edirəm”.

Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümünə oktyabrın 18-də start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button