Elxan Məmmədov mətbuatı günahlandırdı: “Hiss etdim ki, bu müzakirələr süni şəkildədir”

AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan millisinin AÇ-2020-dəki hədəflərindən danışıb.

Komanda.az xəbər verir ki, “Real” TV-yə müsahibəsində baş katib bunları deyib:

“AÇ-2020-yə vəsiqə qazanmaq çox çətindir, amma bu bizim məqsədimizdir. Millətlər Liqası başlayanda bu məqsədi açıqlamışdıq. İlk hədəf qrupda birinci olmaq, pley-offa vəsiqə qazanmaq idi. Təəssüf ki, bunu edə bilmədik. Millətlər Liqası daha asan yol idi. Çünki rəqiblərimiz bizim reytinqə uyğun idi. Bu, əlavə imkan və asan yol idi. Təəssüf ki, asan yoldan istifadə edə bilmədik və daha çətin yolla getməyə başladıq. İndi də məqsədimiz AÇ-2020-yə düşməkdir və baş məşqçi Nikola Yurçeviç bunu bilir. Son oyunlar da göstərdi ki, tək Xorvatiya deyil, digər komandalar da mübarizə aparmaq, favorit olmaq istəyir. Ümid edirəm ki, iyunda keçiriləcək oyunlardan sonra biz də hədəflərimizə yaxınlaşacağıq”.

Baş katibi AFFA-nın milli üzvlərinə Litva komandası ilə yoldaşlıq görüşündə qolsuz heç-heçəyə mükafat verilməsinin media və sosial şəbəkələrdə müzakirə olunmasına da toxunub:

“Berti Foqts, Robert Prosineçki və Qurban Qurbanovun vaxtında da mükafatlandırma sistemi olub. Mükafatlar qələbə və heç-heçəyə verilib və yoldaşlıq görüşlərinə də şamil edilib. Bu məsələ media və sosial şəbəkədə müzakirə olundu. Amma hiss etdim ki, bu müzakirələr süni şəkildədir. Çünki əvvəlki illərdə mükafat veriləndə müzakirə olunmurdu. Milli komandada oynayan futbolçular AFFA-dan maaş almırlar. Onlar yığmaya 3-5 günlük gəlirlər və ezamiyyət pulu alırlar. Ona görə də yaxşı nəticə olanda çalışırıq ki, mükatlandıraq. Çünki bu, onlara maliyyə dəstəyi verməyimiz üçün yeganə imkandır”.

Azərbaycan millisi növbəti oyunlarını iyunda AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçirəcək. Milli ayın 8-də Macarıstan, 11-də isə Slovakiya kollektivini qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button