Elmar Baxşıyev yeni hücumçunun yolunu gözləyir: “Ehtiyat qüvvəmiz azdı”
“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, 40 yaşlı mütəxəssis 1:2 hesabıyla uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
“Təlim-məşq toplanışından sonra çempionatda ilk oyunumuz idi. İki fərqli hissə izlədik. İlk yarıda komanda şəklində istədiyimiz bir az alınmadı. Komanda toplanışda gördüyümüz oyunu ikinci hissədə göstərməyə başladı. Bunun səbəbi ilk oyun olmasıdı. Ola bilər ki, yoldaşlıq görüşləri ilə rəsmi matçlar arasında bir az fərq var. Ona görə bunu həyəcanla əlaqələndirərdim. İnanırıq ki, komanda qışa qədər göstərdiyi futbolu nümayiş etdirməyə davam edəcək. Premyer Liqanın ən gənc komandasıyıq. Heyətimiz əsasən akademiyanın yetirmələrindən qurulub. Biz komandaya inanırıq. Daha da yaxşı oyun göstərib qələbələr qazanacağıq. Çempionatda mümkün qədər yüksək yer tutmağa çalışacağıq. Kuboka hələ çox var, bu haqda düşünmürük”.
Baxşıyev heyətin yeni futbolçu ilə gücləndirilə biləcəyini də qeyd edib: “Heyətimiz geniş deyil. Ehtiyat qüvvəmiz azdı. Hər məşqçi komandada rəqabətin artmağını istəyər. Oyunçular rəqabət olduqca öz üzərində işləyib artırırlar. Komandaya yeni hücumçunun qoşulacağı gözlənilir”.
Bizi Facebook-da izləyin