Elçin Əsədov Azərbaycanın ən güclüsüdü
2019-cu il üçün təsdiqlənmiş vahid idman təqvim planına əsasən, şose velosipedinin fərdi və qrup ötüşməsi üzrə Elit və U23 kateqoriyalı idmançılar arasında Azərbaycan çempionatı keçirilib.
Komanda.az xəbər verir ki, Gənclər və İdman nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil edilən yarışda klub və cəmiyyətlərin 40-a yaxın idmançısı mübarizə aparıb.
Qala qəsəbəsində keçirilən 24 km məsafəyə fərdi ötüşmə yarışında yığma komandamızın lideri Elçin Əsədov bütün rəqiblərini qabaqlayıb – Ukraynanın “Lvov” kontinental klubunun üzvü 28 dəqiqə, 16 saniyə göstərici ilə 1-ci yeri tutub. Qeyd edək ki, bu Elçin Əsədovun fərdi ötüşmə yarışında ardıcıl 6-cı Azərbaycan çempionluğudur. Belarusun “Minsk” kontinental komandasında çıxış edən Samir Cəbrayılov və Dünya Velosiped Mərkəzində təlim keçən Musa Mikayılzadə isə müvafiq olaraq 29 dəqiqə, 58 saniyə və 31 dəqiqə göstərici ilə sonrakı 2 yerdə qərarlaşıblar.
Xızı rayonunda təşkil edilən qrup ötüşməsində də ilk üçlük dəyişməyib. 162 km məsafəni 4 saat, 30 dəqiqə, 15 saniyəyə qət edən Elçin Əsədov ən yaxın izləyicisi Samir Cəbrayılovu 16 saniyə qabaqlayıb. Musa Mikayılzadə finiş xəttini 3-cü keçib.
Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına (UCI) da göndərilib və tutulan yerlərə uyğun olaraq qazanılan xallar həm idmançıların, həm də ölkəmizin reytinq cədvəlində öz əksini tapacaq.
Bizi Facebook-da izləyin