“Dub” olma, Vernidub ol

Rəşad Ergün

Hamı “Şerif”dən danışır, bütün Avropa, bütün dünya.

Avropanın “acından ölən” ölkələrindən sayılan kiçik Moldovanın bu balaca klubu nəhəng “Real”a Madriddə futbol dərsi keçib, onları öz meydanında, azarkeşlərinin gözü qarşısında məğlub edib. Yoxlama, yoldaşlıq oyununda yox ha, Çempionlar Liqasının qrup mərhələ matçında!

Çempionlar Liqasında iki turdan sonra komandasını yüz faizlik nəticə ilə qrupun lideri edən “Şerif”in ukraynalı baş məşqçisi Yuri Vernidub bu fantastik uğurun səbəbini belə açıqlayıb:

“Yerli çempionatda legioner limiti olmadığı üçün Çempionlar Liqasında qruplara qaldıq, qələbə qazandıq. Əksi olsaydı, bunu edə bilməzdik. Legioner limiti heç bir ölkədə futbolu inkişaf etdirməz, əksinə, problem yaradar. Avropada uğur qazanmaq üçün legioner limiti olmamalıdır”.

Azərbaycan futbolunun başında dayanan yoldaşlar, AFFA-nın çox hörmətli rəhbərliyi, Vernidubun bu gün dediklərini biz illərdir deyirik. Təkrar-təkrar, yorulmadan deyirik, yazırıq ki, Azərbaycanda legioner limiti ləğv edilməlidir. 6+5 limiti klubların əlini, qolunu bağlayır, xüsusən, uzun illərdir ölkəni Avropa arenalarında uğurla təmsil edən “Qarabağ”ın daha da irəli getməsinə əngəl olur, yoluna daş qoyur. Bütün bunları başa düşmək üçün gərək “dub” yox, Vernidub olasan.

Limit adlanan zadın futbolda süni əngəl, rəqabətə tərs olması faktını, həqiqətini qoyuram bir kənara, illərdir düşünüb cavabını tapa bilmədiyim sualı yazıram: AFFA rərhbərliyi Azərbaycan Premyer Liqasında limit tətbiq etməklə nəyə nail olmaq istəyir? Bu adamları kim inandırıb ki, limit ölkədə futbolun, azərbaycanlı futbolçuların inkişafına kömək edəcək? Yaxşı, kömək edibsə və etməkdədirsə, hanı nəticəsi? Hanı Avropa klublarında oynayan azərbaycanlı futbolçular? Hanı limitin hesabına layiq olmadıqları halda klubların start heyətində Premyer Liqada meydana çıxan yerli futbolçuların formasını geyindikləri milli komandaların uğurlu nəticələri? Pardon, siz limiti ona görə tətbiq edirsiz ki, Azərbaycanın gələcəyi hesab olunan 21 yaşadək futbolçulardan ibarət milli komanda Avropa çempionatının seçmə mərhələsində Avstriyaya 0:6 hesabı ilə uduzsun? Yoxsa limit tətbiq olunmasaydı, əsas milli komanda DÇ-2022-nin seçmə mərhələsində bütün oyunlarda uduzub, axırda İrlandiyadan “təkər altında qalmış” o bir xalı da qopara bilməzdi? Doğrudan, belə düşünürsüz? Yəni həqiqətən, AFFA rəhbərliyində, İcraiyyə Komitəsində, Məşqçilər Komitəsində məntiqli, futbolu bilən, hiss edən bircə nəfər də yoxdur ki, legioner limitinin Azərbaycanda klub futbolunun belini qırdığını, nəfəsini kəsdiyini orda hamıya izah etsin, inandırsın? Olmalıdır! Heç olmasa, bircə nəfər də olsa, AFFA-da futbolu bilən biri olmalıdır. Yoxdur? Var? Varsansa, səs elə, bəy, xanım.

Ölkə çempionatında legioner limiti tətbiq etmək azərbaycanlı futbolçuların Avropaya yolunu açmaz, milli komandaların biabırçı nəticələrinin qarşısını ala bilməz. Mən oturub ölkədə uşaq futbolunu  inkişaf etdirməyin, yerli futbolçuları Avropa standartlarına çatdırmağın yolları haqda geniş material hazırlaya bilərəm. Amma Azərbaycan futboluna rəhbərlik edənlərin tükü də tərpənməyəcəksə, özümü niyə yormalıyam? İndiyədək “Komanda”da dəfələrlə ölkədə uşaq, klub futbolunu inkişaf etdirməyin yolları haqda yazılar yayımlanıb. Nəticəsi nə olub? AFFA-da oturanlar öz bildiklərini etməyə davam ediblər. Nəticə də ortadadır – al əlinə dəsmalı, otur milli komandaları, yerli futbolçuları izlə, ağla, başına döy.

P.S. FİFA-nın ayırdığı pulun hesabına Tovuzda “Turan Tovuz” akademiyası fəaliyyət göstərir. AFFA rəhbərliyi bu futbol akademiyasının pafosdan uzaq, konkret işə, uğura, nəticəyə köklənməsini istəyirsə, akademiyaya uşaq futbolunda inanılmaz uğurlara imza atan ölkələrdən, məsələn, Niderlanddan, Xorvatiyadan mütəxəssislər dəvət etməlidir, bütün məsuliyyəti onlara verməlidir. Daha burda gününü keçirməyə gələn Prosineçki, Yurçeviç, Obradoviç kimiləri yox ha, məvacib alıb, qarşılığında əmək sərf edən, şərait yaradılsa, nəticə söz verən mütəxəssisləri. Buyurun, bu da sizə kiçik bir məsləhət.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button