DÇ: Azərbaycanın 2 güləşçisi finalda, Həsrət Olimpiadaya lisenziya qazandı

Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.

Komanda.az xəbər verir ki, yarışın 8-ci günündə yunan-Roma güləşi üzrə son 3 çəkidə mübarizəyə start verilib.

Mübarizəyə 1/8 finaldan qoşulan Murad Məmmədov (63 kq) amerikalı Xavyer Consona və ermənistanlı Qraçya Poqosyana 3:1 hesabıyla qalib gələrək yarımfinala vəsiqə qazanıb. Finalın bir addımlığında serbiyalı Georgi Tibilovla qarşılaşan Məmmədov 4:1 hesablı qələbəyə sevinib. Murad həlledici görüşdə gürcüstanlı Leri Abuladzeylə qarşılaşacaq.

Həsrət Cəfərov (67 kq) əvvəlcə meksikalı Edson Qutyerə heç bir şans tanımayıb – 8:0. İstedadlı pəhləvanımız 1/8 finalda macarıstanlı İştvan Vançanın öhdəsindən gəlib – 5:1. Cəfərov 1/4 finalda iranlı olimpiya və dünya çempionu Məhəmməd Rza Gerayi ilə qarşılaşıb. Titullu rəqibinə tam üstünlüklə (10:0) qalib gələn Həsrət 2 il əvvəlki məğlubiyyətin revanşını alıb. Milli üzvü yarımfinalda isə gücünü ermənistanlı Slavik Qalstyana göstərib – 5:3. Beləliklə, karyerasında ilk dəfə dünya çempionatının finalına yüksələn Cəfərov həm də ölkəmiz olimpiya lisenziyası qazandırıb. Həsrət finalda Tokio Olimpiadasında 60 kq-da qızıl medal qazanmış kubalı Luis Sançeslə güləşəcək.

İslam Abbasov (87 kq) moldovalı Viorel Burduyaya 5:1 hesabıyla qalib gələrək 1/16 finala yüksəlib. Güləşçimiz əlcəzairli Baxir Sid Azaranı isə sonuncu xal prinsipinə əsasən (1:1) üstələyib. Ancaq 1/8 finalda macarıstanlı David Losontsi ilə bacarmayıb – 0:8. Rəqib finala yüksəldiyi üçün Abbasov sabah qırğızıstanlı Azat Salidinovla təsəlliverici görüşə çıxacaq.

Bu çəkilərdə təsəlliverici və medallar uğrunda görüşlər sabah keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button