“Çətin qrupa düşmüşük” – Canni De Byazi
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsinin püşkü ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, italyan mütəxəssis Polşa mətbuatına açıqlamasında bunları deyib:
“Çətin qrupa düşmüşük. İlk pilləni Portuqaliya tutacaq. İkinci yer uğrunda isə Serbiya və İrlandiya yığmaları mübarizə aparacaqlar. Biz isə 5-ci səbətdən gəldiyimizi bilirik və favorit deyilik. Əlimizdən gələni edəcəyik. Daha yaxşı oynamaq və potensialımızı tam açmaq üçün bacardığımız hər şeyi edəcəyik”.
64 yaşlı baş məşqçi İkinci Qarabağ müharibəsi dövründəki vəziyyətin millidəki işinə təsirsiz ötüşmədiyini söyləyib: “Münaqişə vaxtı ev oyunlarımızı Bakıda keçirmədik. Bu, bizim üçün böyük problem oldu. Pandemiya isə vəziyyəti daha da gərginləşdirir. Oyunçu problemin varsa, pandemiya dövründə yeni işə başlamaq asan deyil”.
Qeyd edək ki, Azərbaycan millisi DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birlikdə A qrupunda mübarizə aparacaq. Qətər yığması isə bu qrupda müsabiqədənkənar qaydada çıxış edəcək.
Bizi Facebook-da izləyin