Çempionlar Liqasının iki oyunu təxirə salındı
Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək iki cavab oyunu təxirə salınıb.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Yuventus” (İtaliya) – “Olimpik” (Lion, Fransa) və “Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya) matçı koronavirus səbəbindən nəzərdə tutulduğu vaxtda keçirilməyəcək.
“Mançester Siti”nin rəsmi saytı “Real”ın basketbol komandasının bir üzvündə koronavirusun aşkarlanmasına görə görüşün təxirə salındığını açıqlayıb. Madrid klubunda basketbol və futbol komandaları eyni bazada yerləşdiyindən futbolçular da karantinə alınıb. “Yuventus”da isə Daniel Ruqanidə koronavirus tapılıb. Bu üzdən Turin təmsilçisində də futbolçuları karantin altındadı.
Qeyd edək ki, hər iki oyun martın 17-də keçirilməli idi. “Mançester Siti” səfərdə baş tutan ilk oyunda 2:1, “Olimpik” isə doğma meydanda 1:0 hesabıyla qalib gəlib.
Yeri gəlmişkən, UEFA koronavirus epidemiyası ilə əlaqədar video-konfrans təşkil edəcəyini açıqlayıb. Martın 17-də keçiriləcək tədbirə quruma üzv olan 55 milli assosiasiyanın rəsmiləri, Avropa Klublar Assosiasiyası və Beynəlxalq Peşəkar Futbolçular Federasiyasının nümayəndələri dəvət ediləcək. Görüşdə həm daxili, həm də qitəmiqyaslı turnirlərin taleyi müzakirə olunacaq. Tədbirdə AÇ-2020-nin, həmçinin Çempionlar Liqası və Avropa Liqası ilə bağlı müzakirələr aparılacaq. İclasdan sonra turnirlərin təxirə salınıb-salınmaması haqqında qərar veriləcək.
Bizi Facebook-da izləyin