“Real” PSJ-ni ÇL-in 1/4 finalına buraxmadı

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları start götürüb.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib. “İnter” “Enfild”də “Liverpul”un qonağı olub. Bu komandalar arasında ilk görüş İngiltərə təmsilçisinin 2:0 hesablı qələbəsiylə nəticələnmişdi. Cavab qarşılaşması ərəfəsində Yurgen Kloppun yetirmələri 1/4 finala daha yaxın görünürdü. Üstəlik, “neradzurra”nın İngiltərə klublarına qarşı statistikası da ürəkaçan deyildi: 15 qələbə, 6 heç-heçə, 18 məğlubiyyət, top fərqi: 46:50. Tərəflər arasında baş tutan 5 qarşılaşmada “Liverpul”un üstünlüyü vardı: 4 qələbə, 1 məğlubiyyət.

Cavab qarşılaşması “İnter”in qələbəsiylə yekunlaşıb. Lakin 1:0 mərhələ adlamaq üçün yetərli olmayıb. Beləcə, iki oyunun nəticəsinə görə 1/4 finala yüksələn tərəf “Liverpu”l olub.

Gecənin digər matçında Almaniyanın ən titullu klubu “Bayern” “Zalsburq”u sınağa çəkib. Avstriya klubu ilk qarşılaşmada adlı-sanlı rəqibinə layiqli müqavimət göstərərək kiçik sensasiyaya imza ata bilmişdi. Lakin Kinqsli Komanın son dəqiqələrdə vurduğu bərabərlik qolu sayəsində Münhen klubu Çempionlar Liqasının səfər matçlarında məğlubiyyətsiz seriyasını 22 oyuna çatdırmışdı. Bu isə onlar üçün rekorddur. “Bayern” cavab görüşündə rəqib qapısından 7 top keçirməklə sürprizə imkan verməyib.

Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçları çərçivəsində daha iki oyun keçirilib. “Real” Madriddə PSJ-ni qəbul edib. Bu komandalar arasındakı ilk görüş Paris klubunun 1:0 hesablı qələbəsiylə başa çatmışdı. Cavab görüşündə də hesabı fransızlar açıblar. Yenə Kilian Mbappe fərqlənib. Amma qalan dəqiqələrdə Fransa yığmasının digər hücumçusu – “Real”ın formasını geyinən Kərim Benzema səhnəyə çıxaraq ardıcıl 3 qol vurub və İspaniya təmsilçisi əzmkar qələbə sayəsində 1/4 finala yüksəlib.

Digər qarşılaşmada isə “Mançester Siti” “Sportinq”i sınağa çəkib. İlk oyunda 0:5 hesabıyla məğlub olan Portuqaliya klubu üçün bu oyunun formal xarakter daşıdığını deyə bilərik. Cavab görüşündə hesab açılmayıb. Beləcə, İngiltərə təmsilçisi növbəti mərhələyə adlayıb.

UEFA Çempionlar Liqası, 1/8 final, cavab oyunları

8 mart

Liverpul (İngiltərə) – İnter (İtaliya) 0:1
Qol: L.Martines, 62.
Baş hakim: Antonio Mateo Laos (İspaniya)
İlk oyun – 2:0

Bayern (Almaniya) – Zalsburq (Avstriya) 7:1
Qol: Levandovski, 11-pen; 21-pen; 23. Qnabri, 31. Müller, 54; 83. Sane, 86 – Kyaerqaard, 70.
Baş hakim: Kleman Turpen (Fransa)
İlk oyun – 1:1

9 mart

Real (İspaniya) – PSJ (Fransa) 3:1
Qol: Benzema, 61; 76; 78 – Mbappe, 39.
Baş hakim: Denni Makkelini (Niderland)
İlk oyun – 0:1

Mançester Siti (İngiltərə) – Sportinq (Portuqaliya) 0:0
Baş hakim: Halil Mehler (Türkiyə)
İlk oyun – 5:0

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button