“Çelsi” və yeni transferindən antirekord
“Çelsi” İngiltərə Premyer Liqasının 7-ci turundan təxirə salınmış görüşdə “Fulhem”ə 1:2 hesabıyla məğlub olub.
Komanda.az xəbər verir ki, London təmsilçisi bu məğlubiyyətlə bəzi antirekordları təkrarlayıb.
Belə ki, “zadəganlar” 2006-cı ilin martından bəri ilk dəfə “Fulhem”ə uduzub. Son 17 ildə tərəflər arasında baş tutan 21 qarşılaşmada “Çelsi” 13 qələbə, 8 heç-heçəyə nail olmuşdu.
“Çelsi” bütün turnirlərdə keçirdiyi son 8 görüşün 6-da meydanı məğlub tərk etməklə, 30 illik ən pis göstəricisini də təkrarlayıb. Paytaxt klubu axırıncı dəfə 1993-cü ildə bu cür uğursuz periodla diqqət mərkəzinə düşmüşdü.
“Çelsi”nin “Atletiko”dan yeni icarəyə götürdüyü Joao Feliks isə bu komandanın heyətində meydana çıxdığı ilk oyunun 58-ci dəqiqəsində qırmızı vərəqə alıb. O, klub tarixində debütündə meydandan qovulan ilk futbolçuya çevrilib. Portuqaliyalı, həmçinin, 9 ildən sonra İngiltərə Premyer Liqasında debüt qarşılaşmasında qırmızı vərəqə alan ilk oyunçudur. Axırıncı dəfə 2014-cü ildə “Tottenhem”in müdafiəçisi Federiko Fasio londonluların heyətində keçirdiyi birinci matçda meydandan qovulmuşdu.
Bizi Facebook-da izləyin