“Bəzi məsələlər var ki, mən onları düzəldə biləcək gücdə deyiləm” – Samir Abasov
“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:4 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Məğlubiyyətdən sonra hissləri, hirsləri cilovlamaq çətindir. Oyuna pis başlamadıq. Hətta qol şansı da oldu, amma kapitan Emin Mahmudov iki metrdən qapıya düşə bilmədi.
Keyfiyyətdə rəqibə uduzduq. Rəqibin futbolçuları əllərinə düşən fürsətlərdən yararlandı. Səviyyə fərqi həddindən artıq görünürdü. Bəzi şeylər var ki, onları düzəldə biləcəyimizə inanmıram. Bu gün yaxşı motivasiyada meydana çıxmışdıq. Ardıcıl qollar bizi sındırdı. Qolları çıxsaq, rəqibə müqavimət göstərdiyimizi deyə bilərəm. Keyfiyyət öz sözünü dedi. Oyunçuların arasında böyük fərq var. Çoxu deyir ki, həddindən artıq dəyişiklik edirsən, amma hər şey ölçülü şəkildə olur. Uduzandan sonra danışmalısan.
Yerli oyunçular bu cür oyunlara cavab vermirlər. Emin Mahmudov istisnadır. Bizim yaralı yerimiz yerli futbolçulardır.
Azarkeşlər bu gün yaxşı ab-hava yaratmışdılar. Amma etikadan kənara çıxmasalar, daha yaxşı olar. Bizim dərdimiz fanatlar deyil. Qəbul etməliyik ki, yerli futbolçularımız tələblərimizə cavab vermir. Heç nəyi gizlətmək lazım deyil. Bu gün əziyyət çəkirik. Oyunda ruhumuzu və istəyimizi qoymalıyıq. Qarşılaşma başlayanda oyunçuların motivasiyalarının olduğunu görürdük. Motivasiya və əhval-ruhiyyə əla idi. Bundan sonra da belə olacaq. Bəzi məsələlər var ki, mən onları düzəldə biləcək gücdə deyiləm”.
Bizi Facebook-da izləyin