“Bu uğur futbolumuza böyük təkan verəcək” – Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində İsveçin “Hakken” komandasına qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 2:1 hesablı qələbə qazandıqları matçdan sonra bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Azarkeşlərimizi təbrik edirəm. Neçə illərdir ki, belə şansımız olmuşdu, amma istifadə edə bilməmişdik. Hətta son saniyələrdə uğur əldə edə bilərdik. Alınmırdı. Şükür Allaha, bu gün hər şey gözəl sonluqla başa çatdı. Uzun illər gözlənilən uğur, nəticə əldə edildi. Hansı ki, təkcə biz yox, xalqımız gözləyirdi. Onlara görə çox sevinirəm. Belə uğuru əldə etmək həm futbolumuza böyük təkan verəcək, həm də futbolçularımıza böyük inam verəcək. Böyük komandaların Bakıya gəlməsi, belə turnirlərdə nəticə üçün oynamaq ancaq Azərbaycan futboluna fayda verə bilər. Buna görə şadam.
Bəzən bizim kimi komandalar üçün belə şanslar çox nadir hallarda olur. O şansı itirəndə, komandaya, rəhbərliyə, kollektivə təsir edir. Bir də gözləyirsən ki, nə vaxt belə şans olacaq. Dəfələrlə oldu. Məncə, hakimin saymadığı qola, geriyə qayıtmaq lazım deyil. Niyə? Çünki yenidən o günləri yada salmaq heç də yaxşı hal olmaz. Amma inanın ki, bəlkə də o oyunun, o qolun sayılmamasının bizim üçün faydası daha çox oldu, nəinki ziyanı. Əminliklə deyirəm. Bəli, 9 il əvvəl o siyahıda olacaqdıq. Sanki klub daha çox möhkəmləndi, məsuliyyətimiz çoxaldı. Birbaşa ölkə başçısı tərəfindən diqqət ayrılmışdı. Həmin oyunun daha yaxşı formalaşmağımız üçün faydası oldu. Elə matçlar oldu ki, son saniyələrdə şansımızı əldən verdik. Bəzən elə oyunlar oldu ki… PAOK-u evdə, səfərdə udduq. Amma onlar səfərdə “Fiorentina”nı uddular. İllər boyu nəticəni gözləyəndə, əziyyətin yerdə qalmayanda, uğuru əldə edəndə, ola bilər uğur daha davammiyətli olsun. Kluba, futbolçularımıza daha çox fayda versin. Bu hallar qaçılmazdı. Böyümək üçün soyuqqanlı olmalıyıq, normal qəbul etməliyik ki, bizə təsir etməsin. Düşünürəm ki, faydası daha çox oldu, nəinki ziyanı”.
- Potensial rəqiblər haqda nə deyə bilərsiniz?
- Hər biri Çempionlar Liqasında oynayası komandalardır. Hətta o klubların içərisində ÇL-in qalibi olmağı qarşısına məqsəd qoyanlar da var idi. Hamısı ciddi rəqibdir. Hansı haqda düşünmüşəm desəm, doğru olmaz. Rəqib kim olsa, həmin matçlara çox ciddi hazırlaşacağıq ki, layiqli oynayaq.
- Ardıcıl üçüncü dəfə pley-off mərhələsində oynayacaqsız. Bu dəfə yanaşma cəhətdən nə önəmli olacaq?
- Məncə, təcrübə böyük rol oynayacaq. Bu gün futbolçularımın təcrübəsi az deyil. “Bayer”lə oyun bizə futbolda çox şey verdi. O səviyyədə olan komandaların gücünü hiss etdik. Hansı rəqib olursa-olsun, ola bilər ki, rəqibi daha çox analiz edək. Yanvarda çempionatımız başlayacaq. Ola bilər ki, hazırlığımızda da bəzi dəyişikliklər edək ki, o vaxta pik nöqtəyə çıxaq. Rəqibdən çox şey asılıdır. Elə olur ki, nə qədər hazır olsaq da, rəqib bizi üstələyir. Az təcrübə toplamamışıq. Bu il bəzi oyunlarımız oldu ki, daha böyük matçlarda oynamaq üçün fürsət əldə etdik.
Akif Əhmədov
Bizi Facebook-da izləyin