AFFA rəsmisindən Premyer Liqa klublarının avrokuboklara hazırlığıyla bağlı AÇIQLAMA
Azərbaycanda koronavirusa yoluxmanın qarşısını almaq məqsədilə iyulun 20-nə qədər ölkədə sərt karantin rejimi tətbiq olunub. Karantin qaydaları çərçivəsində açıq havada idman oyunlarının keçirilməsi qadağan edilib.
Artıq növbəti aydan Azərbaycan klubları avrokuboklarda mübarizəyə başlayacaqlar. “Qarabağ” Çempionlar Liqasında, “Neftçi”, “Keşlə” və “Sumqayıt” isə Avropa Liqasında iştirak edəcək.
Karantin rejiminin iyulun 20-dən sonra uzadılıb-uzadılmayacağı isə qeyri-müəyyəndir. Bəs uzun müddətdir ki, futbolsuz qalan klublarımızın avrokubok matçlarına hazırlığı necə olacaq? Bununla bağlı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla ilə əlaqə saxladıq. Federasiya rəsmisi Komanda.az-a açıqlamasında, klubların hazırlıq məsələsinin AFFA-nın gündəmində olduğunu dedi:
“Bilirsiniz ki, ölkədə sərt karantin rejimi tətbiq olunur və bu məsələ AFFA-nın səlahiyyətinə aid deyil. Bununla belə, AFFA mütəmadi qaydada müvafiq qurumlarla əlaqə saxlayır. Yəni məsələ AFFA-nın gündəmindədir. Klubların hazırlıq prosesinin təşkili ilə bağlı hər hansı yenilik olarsa, ictimaiyyətə məlumat veriləcək”.
Şahin Cəfərov
Bizi Facebook-da izləyin