Bu oyunlarda da xal itirsək, bizim üçün çətin olacaq – Ayxan Abbasov
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 16-cı turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, meydan sahiblərinin çalışdırıcısı 0:2 hesabıyla uduzduqları oyundan sonra bunları söyləyib:
– Çətin oyun idi. “Qarabağ” bu oyuna çox istəkli başladı. Biz də yaxşı hazırlaşmışdıq. İlk hissə üstünlük “Qarabağ”da idi. İkinci hissə “Sumqayıt”a layiq oyun oynadıq. Futbolçulara təşəkkür edirəm. Qış fasiləsindən sonra 2 oyuna 2 məğlubiyyət üzücü oldu. Qarşıdakı oyunlarda qələbə qazanacağıq.
– Əsas heyətdə gənc futbolçulara yer verməyinizin səbəbi nə idi?
– Həftə içi bir az problemlər oldu. Atilla Yıldırım zədələndi, Əfran İsmayılov 2 məşq buraxmışdı. Bir az problemləri var idi, ona görə icazə vermişdik Əfrana.
– Peyman Babayi ikinci oyundu ki, gözlənilən oyunu sərgiləmir. Onu əvəzləməyivizin səbəbi nədi? Ondan gözlədiyiniz “performans”ı ala bilirsizmi?
– Bizim çempionat çətindir. Peymanda istək var. Əzələsində dartılma olduğu üçün əvəzlədim. Ona bir az vaxt lazımdı. İndi onin üzərinə düşmək düz olmaz. Qarşıda yaxşı olacaq.
– Qış fasiləsindən sonra “Qəbələ” və “Qarabağ”a məğlubiyyət futbolçulara pis təsir etmir?
– Ümumiyyətlə, məğlub olmaq futbolçularıma pis təsir edir. Bunlardan dərs çıxarmalıyıq. Qarşıda çox vacib oyunlar var. O oyunlarda da xal itirsək, bizim üçün çətin olacaq.
– İki fərqli “Sumqayıt” izlədik. Əfranın oyuna daxil olmasından sonra daha yaxşı oyun sərgilədiz. Həqiqətənmi, “Sumqayıt”a Əfransız çətindi?
– Hazırda komandada ən güclü futbolçulardan biri Əfrandı. Bu gün geridəydik. İkinci hissədə futbolçularım daha yaxşı oynadı. Sanki qoldan sonra ayıldılar. Əfranın təcrübəsi var, burda olması üstünlükdü.
– Rəşad Əzizlinin oyunundan razısızmı?
– Qollarda Rəşadın səhvi olduğunu düşünmürəm.
– Uzaqdan zərbələr komandada çox az görünür. Bu, nəylə bağlıdı?
– Futbolçular yəqin uzaqdan zərbə vurmaq istəmir. Ən zəif nöqtələrimizdən biri də budu. Bu gün rəqib icazə vermədi uzaqdan zərbə vurmaq üçün. Keyfiyyətli zərbə vuran futbolçularımız var, ancaq bu keyfiyyətlərindən istifadə etmirlər.
Şahin Cəfərov
Bizi Facebook-da izləyin