“Bu oyun daha yaxşı işlər görə biləcəyimizi göstərdi” – “Gəncə”nin baş məşqçisi
“Oyun daha yaxşı işlər görə biləcəyimizi göstərdi”.
Komanda.az xəbər verir ki, bunu “Gəncə”nin baş məşqçisisi Halil Atlı “Ordu”ya 82:61 hesabı ilə qalib gəldikləri Azərbaycan Basketbol Liqasının 3-cü tur matçı ilə bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis göstərdikləri mübarizə əzminə görə komandasına təşəkkür edib.
“Yer aldığımız qrupda birinci yerdəyik. Amma mövsüm hələ irəlidədir. Rəqibimiz ilk iki görüşdə 100 xalla oynayıb. Bu gün onları 61 xalda dayandırmağımız çox önəmlidir. Hücumda yaxşı təsir bağışlayırıq. Uşaqlar onlara verilən tapşırıqları lazımınca yerinə yetirməyə çalışırlar. Azarkeşlərimiz yanımızda yox idilər, bu qələbəni onlara həsr edirik. Çempionatda fasilə olacaq. Bundan ən yaxşı şəkildə yararlanmağa çalışacağıq”.
“Ordu”nun baş məşqçisi Alberto Blanko bu oyunu yaddan çıxarmalı olduqlarını söyləyib:
“Gəncə” komandasını qələbə münasibəti ilə təbrik edirəm. Onlar buna layiq idilər. Matç bizim üçün yaxşı keçmədi. Atışlarını düzgün yerinə yetirə bilmədik. Ancaq birinci periodda rəqiblə başabaş mübarizə apardıq. Sonrakı hissələrdə bütün komponentlərdə uduzduq. Bu gün həm də ciddi itkimiz var idi. Səid İsmayılov meydanda deyildi. Onun yoxluğu da oyunumuza təsir göstərdi. Bu oyunu artıq yaddan çıxarmalıyıq. Artıq qarşıdakı oyunlara köklənməliyik”.
Bizi Facebook-da izləyin