“Bu oyun daha əvvəl olmalı idi” – Tahir Gözəl

“Qarabağ”ın prezidenti Tahir Gözəl Bakıda Türkiyənin “Qalatasaray” komandasına qarşı keçirəcəkləri xeyriyyə oyunundan öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, bu gün jurnalistlərə açıqlamasında bunları söyləyib:

“Sabahkı matçda kimin qalib gəlməsi önəmli deyil. Əsas odur ki, iki qardaş ölkənin çempion klubları dəstək üçün üz-üzə gəlir. Bu, məni çox sevindirir. Türkiyədəki böyük fəciədən sonra Azərbaycan dövləti, xalqı öz həmrəyliyini və möhtəşəm qardaşlıq iradəsini göstərdi. Oraya çox böyük yardımlar edildi. Sevinirəm ki, “Qarabağ” və “Qalatasaray” klubları belə çətin gündə dəstək üçün bir araya gəlirlər. Bu möhtəşəm matçı təşkil etmək imkanı qazandıq. Stadionda çox gözəl ab-hava olacaq. İnsanların əlində 20 min Azərbaycan və eyni sayda Türkiyə bayrağı dalğalanacaq. Düzdür, qeyri-adi haldır, bəzi aparıcı oyunçularımız yoxdur, icarəyə verdiyimiz bəzi futbolçuları geri çağırdıq. Amma əsas olan bu görüşün baş tutmasıdır”.

Gözəl bu görüşün keçirilməsi təşəbbüsünün “Qarabağ”dan gəldiyini vurğulayıb: “Qarşı tərəf də məsələyə müsbət yanaşdı. Biz belə bir oyunun keçirilməsini çoxdan istəyirdik. “Beşiktaş”la da söhbətlərimiz oldu. Amma “Qalatasaray” daha konkret addım atdı və biz arzumuzu gerçəkləşdirdik. Bu, daha əvvəl olmalı idi. Amma qismət bu günə imiş”.

Xatırladaq ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Qalatasaray” oyununa saat 20:00-da start veriləcək. Görüşdən əldə olunacaq bütün gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button