“Bu, o demək deyil ki, “Frayburq”u təcrübədə üstələyirik” – Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində “Frayburq”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Çox intizamlı komandaya qarşı oynayacağıq. Rəqibin baş məşqçisi uzun illər bu postda çalışır. Çox maraqlı komandadır. Ciddi rəqibə qarşı çıxış edəcəyik. İstəkli və həvəsliyik. Yaxşı mübarizə aparmaq niyyətindəyik. Öz istədiklərimizi etməyə çalışacağıq. Futbolçulara inanıram. Azarkeşləri maraqlı matç gözləyir”.
Qurbanov rəqib baş məşqçiyə hər hansı bir sürprizinin olmadığını sözlərinə əlavə edib:
“Onlardan bizə qarşı da bunu gözləmək lazımdır. Meydanda nə edəcəyimizi bilirik. Amma rəqibin əks zərbələrinə hazırlıqlı olmalıyıq. “Frayburq”un baş məşqçinin yetərincə təcrübəsi var. O, şəhərdə və futbolçular tərəfindən çox sevilir və göstərilən etimatı da doğruldub. Komanda uzun illər ərzində eyni səviyyədə çıxış edir. Bizdə belə matçlarda istər-istəməz həyəcan olur. Hər halda, bu baş məşqçiyə qarşı mübarizə aparmaq mənim üçün maraqlıdır. Həm də həvəsliyəm. Meydanda aktiv və dinamik olmalıyıq. Hər liqanın və komandanın üstünlükləri var. Sabah maraqlı matç olacağına inanıram”.
Təcrübəli baş məşqçi “Frayburq”un Bundesliqada və Avropa Liqasındakı şanslarından söz açıb:
“Analiz edəndən sonra onlara marağım çox böyük olub. Uzun illər eyni baş məşqçiyə güvənirlər. Bu, onların gələcəkdə uğurlar qazanmasına gətirib çıxara bilər. Çox istəklidirlər. Baş məşqçi nə vaxtsa bunun qarşılığını almalıdır. Növbəti mövsüm Çempionlar Liqasında olsalar, onları təbrik edəcəm və bundan şad olacam”.
Qurbanov “köhlən atlar”ın avrokuboklarda rəqibdən daha təcrübəli olmasına münasibət bildirib:
“Bizim Avropa təcrübəmiz var. Hər il qruplarda olmaq böyük üstünlükdür. Amma bu, o demək deyil ki, təcrübədə onları üstələyirik. “Frayburq” hər mövsüm vacib matçlara çıxır”.
Mütəxəssis Bundesliqa təmsilçisinin standart vəziyyətlərdən təhlükəli olduğunu xatırladıb:
“Neçə gündür, baxırıq, analiz edirik və bunları futbolçulara göstəririk. Daha diqqətli olmağa çalışacağıq. Rəqibin əlavə nəsə etməsi bizə çətinlik yarada bilər. Standart vəziyyətlərdən bir az zəifik deyə hər hansı gərginliyimiz yoxdur”.
Baş məşqçi İbrahima Vadjinin Fransanın “Sent Etyen” klubuna keçidinə də toxunub:
“Bu gün onun bizimlə olmasını istəyərdim. Vadjinin karyerasına görə sevinirəm. Amma o, yoxdursa, başqa addım atacağıq. Məyus deyilik. Əlimizdə olan futbolçularla qarşıdakı oyunlara hazırlaşacağıq”.
Qurbanov Almaniya klubunun hər mövqedə bir-birini başa düşən yaxşı oyunçularının olduğunu vurğulayıb:
“Demək olar ki, bütün futbolçuların adlarını əzbər bilirəm. Amma hansınınsa adını xüsusi çəkmək istəmirəm. Onlar daha çox kollektiv oyuna üstünlük verirlər. Bu rəqibə qarşı diqqətli olmalıyıq”.
Bizi Facebook-da izləyin