“Bu, o demək deyil ki, getmək istəyirəm” – Ayxan Abbasov
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovun yoxlama matçında “Qəbələ” ilə qarşılaşdıqları oyundan sonra mətbuat konfransı keçirilib:
Komanda.az xəbər verir ki, Abbasov 2:2 hesabıyla bitən görüşü belə şərh edib:
- 3 aydan sonra oynamaq üçün darıxmışdıq. Çalışdıq hər iki hissəni ayrı-ayrı heyətlə oynayaq. Bunun da səbəbi var. Futbolçular uzun müddət idi oynamırdı. Gördük ki, futbolçuların fiziki forması tam yerində deyil. Vaxtımız azdır, çalışacağıq işlərimizi davam etdirək.
- Nədən razı, nədən narazı qaldınız?
- İstədiyimiz temp yox idi, xırda səhvlər də var idi. Ancaq buna görə narazı olmağa haqqımız yoxdur. Futbolçular uzun müddətdir ki, oynamırlar. Sevindiricidir ki, hər iki komandanın heyətində ciddi zədələnən olmadı. Ümumilikdə, meydandakı hərəkətlilikdən razı qaldım.
- Çempionatdakı hədəfiniz nədir?
- Hamıda eyni problemlər var. Düşünürdük ki, mayda futbol bitəcək, toplanışa yollanacağıq. Ancaq pandemiya çıxdı. Futbolçuların üstünə çox gedə bilməyəcəyik. Hər tur fərqli nəticələr ola bilər.
- Tutaq ki, qərar verildi, çempionat erkən bitirilsin. Bu zaman “Sumqayıt” avrokuboklara yollanacaq. Komanda bu heyətlə buna hazırdırmı?
- Bizdə hələ belə bir məlumat yoxdur. Bunlar gələcəyin suallarıdır. Hər bir komanda istəyir ki, rəqabət olsun. Biz elə komanda formalaşdırdıq ki, rəqabət gənclərlə oldu. Bu da bizi sevindirir. Çempionat bitirilsə, rəhbərliklə danışıqlarımız olacaq və kimin qalacağı, kimin gedəcəyi bilinəcək.
- Avrokuboklara vəsiqə qazansaz, müqavilə müddətinizi uzatmaq istəyirsizmi? Yoxsa başqa planlarınız var?
- Hazırda bütün fikrim “Sumqayıt”dadır. Mən əvvəlki müsahibəmdə demişdim ki, avrokuboklara vəsiqə qazansaq, missiyamı yerinə yetirmiş olaram. Ancaq bu, o demək deyil ki, getmək istəyirəm. Müqaviləmin müddəti bitəndən sonra rəhbərliklə danışacam və fikirlər üst-üstə düşsə, qalaram. Burda xoşbəxtəm.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin