“Bu, “Neftçi” üçün üstünlükdü” – Rəşad Sadıqov
“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində səfərdə “Sumqayıt”ı 6 cavabsız qolla məğlub etdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, təcrübəli futbolçu oyundan sonra jurnalistlərə açıqlamasında öncə bunları söyləyib:
“6:0 hesablı qələbə bizim üçün gözlənilməz oldu. Razı idik ki, 1:0 hesabı ilə qalib gələk, təki 3 xal olsun”.
37 yaşlı müdafiəçi bildirib ki, rəqib ilk hissədə daha yaxşı təsir bağışlayıb: “Bu cür qələbənin çempionluq yolunda motivasiyanın göstəricisi olub-olmadığını deyə bilmərəm. “Sumqayıt” oyuna çox ciddi yanaşdı. İlk hissədə 3 top vursaq da, bizim üçün çətin keçdi. Rəqibin də qol epizodları, dirəkdən dönən zərbələri vardı. Fasilədən sonra daha rahat oldu. İlk yarıda bizə təzyiq göstərə bilirdilər. Amma qollar ard-arda gəldikdən sonra onlar da ruhdan düşdülər. Hesab 6:0 və ya 1:0 olsun, nəticə eynidi”.
Sadıqovun fikrincə, 6:0 hesablı qələbə “Qarabağ”a heç bir üstünlük vermir. “Hər şey sıfırdan başlayacaq” deyən aparıcı futbolçu Abdullah Zubirin oyunda ilk qolunu da şərh edib: “Əsas odu ki, qol olsun. Necə vurulmasının fərqi yoxdu”.
Arxa xətt oyunçusu hazırda 48 xalla şərikli lider olan “Neftçi” və “Qarabağ”ın çempionluq şanslarını bərabər gördüyünü söyləyib. Onun fikrincə, “Neftçi”nin yeganə üstünlüyü son turda oyunun onların meydançasında olmasındadı: “Biz iki cəbhədə – həm çempionatda, həm də kubokda mübarizə aparırıq. Qarşıda yarımfinal oyunları var. Ardıcıl 5 matç 3-4 gündən bir olacaq. Bu da “Neftçi” üçün üstünlükdü. “Qarabağ”ın kuboku ikinci plana atması kimi söhbət yoxdu. Hər ikisinə ciddi hazırlaşırıq. Mənim üçün seçim imkanı olsa, çempionluğu seçərdim”.
Sadıqov növbəti tur səfərdə “Qəbələ”yə qarşı keçirəcəkləri matç barədə də danışıb: “Bu komanda ilə görüşlərimiz həmişə ağır keçir. Bizə qarşı xüsusi motivasiya ilə oynayırlar. Gərgin və maraqlı görüş olacaq”.
Kapitan matça şəhid övladları ilə çıxmalarına da toxunub: “Bu, çox təsirli məqam idi. Hər iki komandanın iştirakı ilə çox yaxşı aksiya keçirildi. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, ailələrinə baş sağlığı verirəm. Belə övladlar yetişdirən anaların əllərindən öpürəm. Onların etdikləri qarşılığında nə desək, yetməz”.
Bizi Facebook-da izləyin