“Bu istək və inamı qoruya bilsək, daha yaxşı nəticələr olacaq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Frayburq”a (Almaniya) qarşı keçirdikləri səfər oyunundan danışıb.

Komanda.az xəbər verir ki, o, bu gün Bakıda Heydər Əliyev adına Hava Limanında jurnalistlərə açıqlamasında 1:2 hesabıyla uduzduqları matçla bağlı bunları söyləyib:

“Maraqlı oyun oldu. Məğlub olsaq da, sonadək inamımızı itirmədik və yaxşı mübarizə apardıq. Futbolçular getdikcə təcrübə qazanırlar. İlk dəqiqələrdə böyük zərbə aldıq. Əvvəlcə qapımıza penalti təyin olundu, ardınca isə 2-ci topu buraxdıq. Buna baxmayaraq, meydanda konsentrasiyamızı qoruyub saxlaya bildik, rəqibdən çəkinmədik, onların üstünə getdik. Futbolçular böyük iş gördülər. Bu istəyi və inamı qoruya bilsək, daha yaxşı nəticələr olacaq”.

O, qrup mərhələsinin 2-ci turunda Bakıda qarşılaşacaqları Fransanın “Nant” klubu haqqında da danışıb: “Bu rəqibin matçlarına baxmışam. Bir az fərqli sistemdə oynayır. Heç də asan rəqib deyil. İlk turdan göründü ki, bütün komandalar iddialıdır. Bakıda oynayacağıq. Rəqibi analiz edib, düzgün oyun qurmağa çalışacağıq. “Nant”a qalib gəlmək istəyiriksə, ilk matçdakından daha çox güc sərf etməliyik. Bəlkə də qrupun ən təhlükəli komandasıdır”.

“Qarabağ” – “Nant” matçı sentyabrın 15-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button