“Hamımız xoşbəxtik” – Tuxel
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində öz meydanında “Borussiya”ya (Dortmund) 2:0 hesabı ilə qalib gələn PSJ-nin baş məşqçisi Tomas Tuxel açıqlama verib.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, almaniyalı mütəxəssis, ilk oyunda 1:2 hesabı ilə məğlub olduqları rəqibə qarşı cavab qarşılaşmasını belə şərh edib:
“Möhtəşəm oyun oldu. Komandada güclü motivasiya vardı və bu, bizə inam verirdi. Futbolçular bu atmosferi meydana da daşıdı. İnamlı oynadıq, oyunu tam olaraq öz nəzarətimizdə saxlamağa çalışırdıq. İlk hissədə bunu bacardıq. Futbolçuların hamısı bir-biri üçün çalışdı. Komanda olaraq birlikdə olduğumuzu və təhlükəli ola biləcəyimizi hiss etdim. Bu gün belə bir komandanın baş məşqçisi olmaq zövqdür. Hamımız xoşbəxtik.
Son 28 oyunda qalib gəlmişdik, sadəcə Dortmunddakı matçda bir qolla məğlub olduq. Onda insanlar sanki bütün turnirlərdə mübarizəni dayandırmışıq kimi davranmağa başladı. Hamı bizi tənqid edirdi. Hər kəs tənqid edən tərəf olmaq istəyir, bu, çox asandır”.
Bizi Facebook-da izləyin