“Bu gün “Neftçi” klubunda haqq-ədalət bərqərar deyil” – Müsahibə
Nazim Süleymanovun sədri olduğu AFFA Azad Həmkarlar İttifaqı adlanan təşkilatın yaradılması federasiya tərəfindən müsbət qarşılanmadı. Futbol qurumu bu məsələ ilə bağlı rəsmi saytı vasitəsilə bəyanat yayıb və Azad Həmkarlar İttifaqının adının əvvəlinə “AFFA” sözünün əlavə edilməsinin qanunauyğun olmadığını bildirib. Bununla bağlı Həmkarlar İttifaqının üzvlərindən olan, “Neftçi”nin sabiq futbolçusu, məşqçi Novruz Əzimovla danışdıq. Həmkarlar İttifaqı təşkilatının iş prinsipi haqda söhbət edən Əzimov, Azərbaycan Premyer Liqasındakı hazırkı durum, uşaq futbolunun problemləri və milli komandanın çıxışı haqda da fikirlərini bildirdi:
– Hazırda nə işlə məşğulsuz?
– Heç bir işlə məşğul deyiləm.
– Nazim Süleymanovun sədri olduğu AFFA Azad Həmkarlar İttifaqına siz də daxilsiz. Təşkilatın yaranmasında əsas məqsəd nədir?
– Bu haqda Nazim Süleymanov özü dəqiq, real cavablarını verib. Hazırkı durumla əlaqədar görüləsi və görülməsi vacib olan işlərlə bağlı mətbuatda öz sözünü deyib. Azərbaycan futbolunun bugünkü durumu, futbolda olan ədalətsizliklər, AFFA tərəfindən verilən təyinatlar hamı tərəfindən birmənalı qarşılanmır. Və ən çox da əziyyət çəkən yaşı 21-dən yuxarı olan futbolçulardır. İllərdir futbolla məşğul olublar, ancaq bugünkü futbol siyasəti elə hal yaradıb ki, bu uşaqlar üçün iş yoxdur. Bütün bunlar AFFA Azad Həmkarlar İttifaqının qarşısında duran məsələlərdir. Bizim təşkilat öz işini davam etdirəcək.
– Azad Həmkarlar İttifaqının adının əvvəlinə “AFFA” sözünün əlavə edilməsi federasiya tərəfindən narazılığa səbəb oldu. AFFA rəsmi saytı vasitəsilə bəyanat yaydı və bunun qanunlar çərçivəsində olmadığını dedi.
– Adın əvvəlində “AFFA”-nın olması qanunauyğun haldır. Biz özümüz, Nazim Süleymanov başda olmaqla AFFA-nın baş katibi Elxan Məmmədovla görüşəndə Məmmədovun söylədiyi fikirlər bu bəyanatla mütənasib deyil. Bu, açıqdan-açığa bu təşkilatın yaradılmasına əngəl törətmək məqsədi güdür. Onlardan çox xahiş edərdim ki, Heydər Əliyevin 1994-cü il 24 fevral tarixində imzaladığı 792 saylı sərəncamı diqqətlə oxusunlar və üzərlərinə düşən vəzifələri yerinə yetirmək üçün çalışsınlar. Biz futbol insanlarıyıq, Azərbaycanda da futbol təsərrüfatına AFFA ali qurum kimi rəhbərlik edir. Ancaq yenə deyirəm, Həmkarlar təşkilatı haqqında qanuna görə, heç kimdən icazə almadan, aşağısı 7 nəfərin yığışıb, təşkilat yaratmağa haqqı var. Biz bu yolu tutmuşuq. Hesab edirəm ki, düz yoldayıq. AFFA tərəfindən verilən bəyanatı imzalamış şəxslər bunun incəliklərinə vara bilmirlər. Elə fikirləşirlər ki, mütləq AFFA-nın rəhbərliyinin icazəsi olmalıdır. Xeyr, belə deyil. Belə səbəb gətirirlər ki, biz AFFA-da işləyən adamlar deyilik. Onda soruşuram ki, Nazim Süleymanov harda işləyib? SSRİ idman ustası Nazim, mən, Asəf Nazamov… Səmədağa Şıxlarov bu günə kimi 5 dəfə müxtəlif səbəblərdən həkim müayinəsinə məruz qalıb. AFFA tərəfindən bugünkü gündə ona təqaüd verilmir, baxmayaraq ki, “Neftçi”nin heyətində SSRİ çempionatlarında çıxış edənlərə 63 yaşından sonra təqaüd verilməlidir. Bu qərarı AFFA-nın özü qəbul edib. Hökm deyil ki, AFFA-da mütləq kabinetdə oturub işləmək lazımdır. Hazırda AFFA-da işləyənlərin əksəriyyətinin futbola aidiyyatı yoxdur. Onlar başqa sahələrdən qohumluq, dostluq, tanışlıq əlaqələri ilə gəlib işləyir. AFFA indi bu əsaslarla işçi qəbul edir. Təəssüflər olsun. Onların verdiyi bəyanat, özlərinin qanunu bilməmələrinə sübutdur. Bizim təsis etdiyimiz təşkilat qanuni əsaslarla yaradılıb və fəaliyyətini davam etdirəcək.
– Sizcə, AFFA nə üçün Həmkarlar təşkilatının yaradılmasını istəmir?
– İstənilən müəssisədə – zavodda, fabrikdə – rəhbərlik yaradılmış Həmkarlar təşkilatına qanunla tənzimlənərək, lazımi şərait yaratmağa məcburdur. Yəqin AFFA rəhbərliyi bir daha həmin qanunu oxuduqdan sonra hərəkətə keçəcək. Heydər Əliyev tərəfindən imzalanmış qanunun müddəalarını oxusalar, inanmıram ki, ondan kənara çıxarlar. Səhvlərini düzəltmək üçün fikirləşəcəklər.
– Bu məsələ ilə bağlı AFFA-dan kiminləsə görüşmək fikriniz olubmu?
– Xeyr, olmayıb. Təklif olunarsa, görüşməyə və öz fikirlərimizi deməyə hazırıq.
– Azərbaycan Premyer Liqasının oyunlarını izləyirsizmi?
– Bəli. 4 tur geridə qalıb, “Qarabağ” hazırda 100 faizlik nəticə ilə liderlik edir və qapısından top buraxmayıb. Bu, sözsüz ki, komanda daxilində nizam-intizamın yüksək olmasını göstərir. Bu klubda artıq hərəkətə yol verən futbolçuya rast gəlinmir. “Qarabağ” öz üstünlüyünü göstərir və lazım olan nəticələrə nail olur.
– “Qarabağ” haqda deyirlər ki, artıq çempionluğu təmin edib. Sizcə, digər komandalar da “Qarabağ”la rəqabət apara bilmək üçün nə etməlidir?
– “Qarabağ”ın qəti şəkildə favorit olduğunu deyə bilmərəm. Futbol elə bir oyundur ki, gərək matçlara ciddi köklənəsən. Maksimum diqqətli olmalısız. Komandanı düşünərək hərəkət etməlisiz. Bu baxımdan favorit “Qarabağ”ı göstərmək olar. Ancaq bu, o demək deyil ki, artıq çempion olublar. Onların Avroliqada da oyunları olacaq. Enişlər olacaq. Bu, labüddür. Məşqçilər korpusu da çalışacaq ki, bunlardan komanda minimum ziyan çəksin. Çempionata maraq çox aşağıdır. İsmayıl İbrahimli artıq bu çempionatda tanınmağa başlayıb. Böyük futbola yararlı oyunçu ola bilər. Tək İsmayıl yox, onun kimi xeyli futbolçular var ki, çempionatın belə formatda keçirilməsinə, 8 komandanın olmasına görə futboldan kənarda qalmaq məcburiyyətində olublar. Və bu, Azərbaycan futbolunun inkişafına ən böyük əngəl törədən formatdır. Mən də arzulayıram ki, çempionat maraqlı olsun, klublarda sabitlik olsun.
– Uzun illər “Neftçi”nin şərəfini qorumusuz. “Ağ-qaralar”ın hazırkı vəziyyəti heç də ürəkaçan deyil. Sizcə, bu, nə ilə bağlıdır?
– “Neftçi”nin şərəfini qorumağa çalışmışam. Bizim çıxış etdiyimiz “Neftçi” Azərbaycan millisi kimi sayılırdı. SSRİ çempionatı o vaxt ilk 3-lükdə olan çempionatlardan idi. Biz bu komandanın heyətində dünya, Avropa çempionlarına qarşı oynamışıq. Ancaq bəzi insanlar indi deyir ki, bu insanlar futbola aid deyil. Düzdür, hərə öz fikrini deyir, azaddır. Buna hörmətlə yanaşmaq mümkündür. Amma insanın haqqına girmək, onu qiymətləndirməmək ədalətli deyil. Bu gün “Neftçi” klubunda haqq-ədalət bərqərar deyil. Mən komandanın içində deyiləm. Biz o vaxt komandanı pis vəziyyətdən çıxarmaq üçün klubun prezidenti, baş məşqçisi və oyunçuları ilə birgə danışırdıq, çalışırdıq. Tərlan Əhmədov da başda olmaqla, klubu biz pis vəziyyətdən çıxardıq, 3-cü yeri tutduq. Heç kimin qarşısında aciz olmadıq, günü-gündən inkişaf etmək üçün çalışdıq. Ancaq sonra bizim haqqımızda verilən qərar – komandadan uzaqlaşdırılmağımız ədalətli deyildi. Hazırkı “Neftçi”də olsaydıq, daha böyük uğurlara imza atardıq. Bu, intiqam hissi deyil. Mən “Neftçi”nin yaxşı olmasını istəyirəm. Son oyunda “Qarabağ”dan çox aşağı olmaları məni üzdü. Klub daxilində səmimiyyət, mehribançılıq olanda bəhrəsini də görürsən. İndiki “Neftçi”də bunu görmürəm. Məncə, səmimiyyətin olmaması, ayrı-ayrı şəxslərin daha çox mənafeyini düşünməsi “Neftçi”də bu vəziyyətə səbəb olur. Yəqin ki, bu çox davam etməyəcək.
– “Neftçi”nin azarkeşləri son oyunlarda baş məşqçi Roberto Bordini və klubun rəhbərliyini istefaya səsləsələr də, heç bir nəticə vermir.
– Azarkeşlərin “istefa” şüarları səsləndirməsinin səbəbləri var. Azarkeşlər həmişə haqlıdır. “Neftçi” rəhbərliyi öz üzərinə düşən işin öhdəsindən gələ bilmir. Buna baxmayaraq, onlara uğurlar arzu edirəm. Ruhdan düşmək olmaz. Qarşıda hələ 24 oyun var, qələbə üçün mübarizəyə hazır olmalıdılar.
– İstefa olarsa, “Neftçi” yenidən dirçələcək?
– “Neftçi” irəliyə doğru hərəkət etməkdədir. Komandanın daxilində deyiləm. Sözsüz ki, dirçəliş mümkündür. Hər şey dəyişir. Münasibətlər normal, futbolçulardan tələblər düzgün olarsa, düzələr. “Neftçi”nin çox da pis vəziyyətdə olduğunu düşünmürəm. Lakin daha yaxşı olmalıdır.
– “Qarabağ”ın Avropa Liqasında “Sevilya” ilə oyunu haqda nə düşünürsüz?
– “Sevilya” hazırda İspaniya çempionatında liderdir. Buna baxmayaraq, “Qarabağ”ın digər klublardan fərqi odur ki, istənilən rəqibə qarşı ürəklə çıxış etməyə hazırdırlar. Bu da onların həmin oyuna necə hazırlaşacaqlarına bağlıdır. Onlara uğurlar arzu edirəm.
– “Qarabağ”ın “Sevilya”, “Düdelanj” və APOEL-lə birgə yer aldığı qrupdan çıxma şanslarını necə dəyərləndirirsiz?
– “Qarabağ”a inanıram. Onların qrupdan çıxmaq şansları var və bu şansdan maksimum istifadə etməlidirlər. Bir daha deyirəm, onlara uğurlar olsun.
– Uşaq futbolu ilə bağlı düşüncələriniz nədir?
– Sözsüz, bu barədə çox danışılır. Mən sizə deyim ki, uşaq futboluna rəhbərlik edən yoxdur. Bilirsiz ki, UEFA tərəfindən uşaq futboluna görə hər il yerli federasiyalara maddi vəsaitlər verilir. Mən uşaq futbolunun hazırkı durumunun qənaətbəxş olmadığını fikirləşirəm. Bunun özü də Azərbaycan futbolunun gələcəyi üçün baza rolu oynamalıdır. Bəli, burda biz səhvlərə yol veririk. Onlara ötəri baxırıq. Və onun nəticəsidir ki, bu gün Azərbaycan yığma komandası ilə müqavilə bağlamış Nikola Yurveviç deyir ki, çempionatda 8 klub var, hərəsində maksimum 5 yerli futbolçu iştirak eləsə, 40 oyunçu olur. Klubların sayı çox olmalıdır. Legionerlər Azərbaycan futbolunda bu gün lazım olandan artıqdır. Belə milli futbolun inkişafı qeyri-mümkündür. Bu barədə mən AFFA-da da müzakirələr zamanı bildirmişəm. Vaxtilə azərbaycanlı uşaqları “Atletiko”nun, “Lans”ın bazasına təlim-məşq toplanışlarına yollayan Hafiz Məmmədova heç kim dəstək olmadı. Hansı ki, Hafiz müəllim onların heç birindən maddi dəstək ummurdu, hamısı “Bakı” futbol klubunun hesabına gedirdi. Azərbaycan futbolunda olan perspektivli uşaqların Avropaya göndərilməsi, orda həmin klublarla, “Atletiko”, “Lans”ın uşaq futbolunda olan futbolçularla birgə təlim-məşq toplanışlarında iştirak etmələri sözsüz ki, öz bəhrəsini verəcəkdi. Amma bu hallar təəssüflər olsun ki, bəzi insanları qane etmədi. Və istənilən vasitə ilə bu halların qarşısını aldılar, Hafiz müəllimin daha böyük nüfuzuna malik olmasına imkan vermədilər. Qısacası, Azərbaycan futbolunun inkişafı onları maraqlandırmadı. Onlar elə bil ki, kömək etmək əvəzinə, əngəllər törətməkdə davam etdilər. Həmin vaxt bəzi klublardan uşaq futbolunda olan futbolçuları da ora göndərmək haqqında qərarlar qəbul olunmuşdu. Amma insanlar oldu ki, bu işlərə əngəllər törətdilər. Ona görə, bugünkü gündə futbolumuzda oyunçu qıtlığı hökm sürməkdədir. Və bu, bir neçə ildən sonra daha kəskin şəkil ala bilər. Ola bilər ki, bütün futbolçular kənardan gəlsin, Azərbaycanda futbol oynasınlar. Bəlkə, kimlərisə bu qane edir. Sözsüz ki, bu, Azərbaycanda futbolu sevənləri, Azərbaycanın futbol azarkeşlərini heç vaxt qane edə bilməz. Siz bilirsiz, Sumqayıt futbol şəhəridir. Sumqayıtdan həmişə yaxşı, gözəl futbolçular çıxıb. Ancaq Azərbaycana “Sumqayıt” klubu vasitəsilə 41 nəfər futbolçu gətirilib, milliləşdirilib. Mən bugünkü gündə deyirəm, həmin o 41 nəfər milliləşdirilmiş futbolçuların neçəsi Azərbaycan futboluna xeyir verib? Burda hansı səbəblər var ki, bu sayda futbolçunu az bir müddətdə milliləşdirirlər? Yəni Azərbaycanın özündə o 41 nəfərin içində olanlardan səviyyəli futbolçular var. Onlar hamısı kənarda qalıb. Sözsüz, uşaq futboluna çox böyük qayğı, diqqət olmalıdır. Təəssüflər olsun ki, bugünkü gündə yoxdur. Bu isə bizim ən ağrılı yerimizdir.
– Baş məşqçi kimi sonuncu dəfə “Bakı” klubunda çalışmısız. Ancaq indi nə həmin klub qalıb, nə də bazası…
– Bu klub “Dinamo”nun davamçısı olaraq yaranıb. “Dinamo”nun nizamnaməsini özüm yazmışam. Bu klubun yaranmasında zəhmətim olub. Təəssüflər olsun ki, “Bakı” hazırda yoxdur. Bu, düşünülmüş şəkildə həyata keçirilən anti-futbol siyasətinin nəticəsidir. Təkcə “Bakı” yox, “Rəvan”, “Xəzər Lənkəran” və daha bir neçə komanda da buna aiddir. Mən belə fikirləşirəm ki, müstəqil klubların olması bəzilərinə sərf etmir. Səmimi olsalar, buna özləri cavab verərlər. Mən inanıram ki, “Bakı” klubu yenidən dirçələcək. Hafiz Məmmədov – “Bakı” klubunun prezidenti həmişə haqq-ədalətin tərəfində olub. O çalışıb ki, Azərbaycan futbolu daim inkişaf etsin.
– Sizcə, “Bakı”, “Xəzər Lənkəran” kimi komandaların dağılmasında əsas səbəblər nə idi?
– Müstəqil klublar bəzi insanlara sərfəli deyil. Bütün klublara öz istədikləri insanları təyin edirlər. Dünyanın heç bir yerində belə şey olduğunu düşünmürəm. Bəlkə də, UEFA bilsə, nəsə olar. Onların da bundan xəbərlərinin olmadığını bilirəm. Klubun baş məşqçisi eyni yerdən maliyyə alır, eyni yerdən kluba baş məşqçi təyin olunur, eyni yerdən kənarlaşdırılır. Onlar anti-futbol siyasətini uğurla həyata keçiriblər.
– Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin işini necə dəyərləndirisiz?
– Milli komanda haqda danışmaq fikrində deyiləm. Yurçeviçin elə bir işi də nəzərə çarpmır. Qurban Qurbanov millidə olanda inkişafa inanırdım. Ancaq Yurçeviçlə nəsə inkişaf olacağını düşünmürəm.
– Xorvatiya ilə 1:1 hesablı heç-heçədən sonra milli üzvlərinə mükafat verildiyi bildirilir. Bu isə insanlar arasında narazılığa səbəb olub.
– Mükafat verilməlidir, ancaq hansı məbləğdə? Mətbuatda yazılanların həqiqəti əks etdirib-etdirmədiyini bilmirəm. Ancaq o ölçüdə mükafat məncə, layiqli deyil. Burda şəxsi mənafelər böyük rol oynayır. Bu, bütün Azərbaycanın puludur. Mətbuatda yazılan məbləğdə mükafatın verilməsi düzgün deyil. Bu, futbolçulara və Azərbaycan futboluna böyük bir ziyandır. Mükafat üçün ayrılan vəsaitin yarısı uşaq futboluna verilsə, daha yaxşı inkişaf olar. Futbolçular çalışır meydanda ən yaxşısını etsinlər, onların zəhməti, haqları tapdanmasın. Onlar pulu yox, şərəfi fikirləşməlidir. Millidə olan oyunçuların ölkəni fikirləşdiyini düşünmürəm. Məndən inciməsinlər, Azərbaycanı düşünmürlər. Millidə olan proseslər mənim üçün ürəkaçan, qənaətbəxş deyil.
Şahin Cəfərov
Bizi Facebook-da izləyin