“Gürcüstanda bir agentin əlində 10, 15 oyunçu arasında seçim etmək imkanı varsa, bizdə bu say 1, uzağı 2-dir” – Müsahibə
“Qəbələ”nin yetirməsi Samir Qurbanovun menecer Vaqif Heydərlinin vasitəsilə Çexiyanın “Viktoriya” (Jijkov) klubuna keçdiyini xəbər vermişdik. Heydərli, Samirdən əvvəl Fərid Nəbiyevin “Slaviya”nın (Praqa) U-21 komandasına, Kamran Quliyevin Litvanın “Jonova” klubuna transfer olunmasında da əsas vasitəçi olub. Tanınmış menecer sözügedən futbolçuların hazırkı durumu, potensialı, azərbaycanlı futbolçuların ölkə xaricinə yollanmasındakı əsas problemlərlə bağlı Komanda.az-a müsahibə verib:
- Əvvəlcə Samir Qurbanovun Çexiyanın “Viktoriya” (Jijkov) klubuna keçidindən danışardız…
- Samirin getməsi üçün uzun müddət idi ki, çalışırdıq. Bundan əvvəl də bir ay “Slaviya”da təlim-məşq toplanışında olmuşdu. Onu bu vəziyyətə gətirmək üçün çoxdan çalışırdıq. Əslində qışda başqa variant da var idi ki, getsin. Ancaq 18 yaşı tamam olmadığına görə alınmadı. Bilirsiz, FİFA-nın qaydalarına əsasən, 18 yaşı tamam olmamış futbolçu ölkə xaricinə yollana bilmir. Samirin 18 yaşı martda tamam oldu, onun keçidi də yay transfer pəncərəsinə düşdü, biz də yolladıq.
- Samir “Slaviya”da olarkən, tək variant Çexiyanın “Viktoriya” klubu oldu, yoxsa başqa təkliflər də var idi?
- Samir “Slaviya” ilə təlim-məşq toplanışında olanda 7 yoxlama oyununda iştirak etdi. Belə deyim də, Çexiya klubları onu yaxşı tanıyırdı. Başqa variantlar da var idi, ancaq biz oynamaq şansı çox olsun deyə, “Viktoriya”nı seçdik. Futbolçu harda oynamaq şansı varsa, ora getməlidir.
- Fərid Nəbiyevin “Slaviya”da durumu nə yerdədir?
- Fərid Çexiyada son U-21-lər çempionatının ən sərrast futbolçusu oldu. Sadəcə, sona 3 tur qalmış, komandanın məşqlərinin birində zədələndi və son oyunlarda oynamadı. Bu zədəyə görə də Azərbaycanın U-21 komandasının Lixteşteynlə qarşılaşdığı oyunda iştirak edə bilmədi. Fəridin başqa klublara keçmək kimi bir variantı var idi, ancaq zədələndi. İndi özünə gəlməyə başlayır. Qayıtdığı ilk oyunda da fərqlənməyi bacardı. “Slaviya”nın B komandasının yoxlama görüşündə 45 dəqiqə meydanda oldu və bir qol vurdu. Sabah Slovakiyada daha bir yoxlama oyunları var. İngiltərə “Arsenal”ının U-23 komandası ilə qarşılaşacaqlar.
- Fəridin “Slaviya”nın əsas komandasına yüksəlmək şansları necədir?
- Vallah, çox çətindir. “Slaviya” son ölkə çempionu oldu, Avroliqada da 1/4 finala qədər yüksəldilər. Miroslav Stox kimi futbolçu belə, “Slaviya”nın əsas heyətinə düşə bilmədi, PAOK-a keçdi. Orda rəqabət çox çətindir. Ancaq Fəridin orda qalması belə, bizim üçün böyük bir uğurdur. Artıq 2 ildir ki, ordadır, üçüncü ilə doğru gedir. Ümid edirəm ki, gələcəkdə Avropanın ortabab klublarında oynaya bilər.
- Azərbaycanda menecerlik işi ilə bağlı danışardız. Demək olar ki, sizdən başqa ölkə xaricinə futbolçu göndərən yoxdur. Menecerlik işində başlıca əngəlləriniz nədir?
- Digərlərini deyə bilmərəm, ancaq mən 2010-cu ildən bəri bu fəaliyyətə başlamışam. Legioner futbolçular da gətiririk. Müəyyən maddi problemlər var, bunları qarşılamaq üçün ölkəyə legionerlər gətiririk. Azərbaycanlı futbolçuları ölkə xaricinə aparmaq boşuna başa gəlmir. Kifayət qədər ciddi xərcləri var. Bunları da qarşılaşamaq üçün legioner gətirməliyik. Ancaq mənim üçün əsas diqqət imkan daxilində azərbaycanlı futbolçuları xaricə aparmaqdır. Bu iş çətindir, xərclər tələb edir. Üstəlik də nəzərə alaq ki, azərbaycanlı futbolçu Avropada, dünya miqyasında ciddi qəbul olunmur, güclü çəkisi yoxdur. Bu, bizim işimizi daha da çətinləşdirir. Buna baxmayaraq əlimizdən gələni edib, işimizi davam etdiririk. Bir tərəfdən də, bizdə futbolçu qıtlığı var. Belə deyək də, qonşu Gürcüstanda bir agentin əlində 10, 15 oyunçu arasında seçim etmək imkanı varsa, bizdə bu say 1, uzağı isə 2-dir. Bizim ikinci futbolçunu tapıb, nəsə etmək imkanımız yoxdur.
- Futbolçu qıtlığından danışdız, buna səbəb olan əsas problemi nədə görürsüz?
- Problem ondadır ki, komandalarda futbolçu yetişmir. Klubların akademiyaları fəaliyyət göstərmir. Son zamanlarda kənara çıxan futbolçuların əksəriyyəti “Qəbələ”nin yetirmələridir. Niyə? Çünki orda akademiya fəaliyyət göstərir. Mütəmadi olaraq beynəlxalq turnirlərdə iştirak edirlər. Sabit olaraq beynəlxalq arenada çıxış edən “Qəbələ”dir. Digər klublardan da “Sabah”ı qeyd etmək olar. Onlar da artıq xarici turnirlərə komandalarını göndərməyə başlayıb. Futbolçu akademiyada yetişməli, beynəlxalq yarışlarda iştirak etməlidir ki, püxtələşsin. Sonra onu Avropaya göndərəndə ciddi problemlər yaşamasın.
- Əməkdaşlıq etdiyiniz başqa futbolçular varmı?
- Kamran Quliyev də var, artıq Litvadadır. Düzdür, ilk ilində o qədər də şans qazanmadı. 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına da dəvət alır. Ancaq bu ildən daha çox şans qazanır. Hətta hesabında 5 qol, 8 məhsuldar ötürmə var. İnanıram ki, onun da gələcəkdə uğurlu karyerası olacaq. Kamranın bir tərəfdən də üstünlüyü odur ki, atası tanınmış futbolçu Rüfət Quliyevdir. O da oğluna dəstək olur. İnanıram ki, Kamran gələcəkdə daha yaxşı olub, milli komandaya fayda verəcək oyunçu olacaq.
- Rövlan Muradovla əməkdaşlığınızı davam etdirirsiz?
- Bəli, Rövlandır, Amin Seydiyevdir, onların bu il “Qəbələ”də daha çox şans qazanacağına inanıram. Rövlan bir ara öz üzərində çalışmırdı. Yüksək potensialı var, ancaq karyerasında boşluqlar verdi. Sonradan düzəldi və daha çox çalışmağa başlayıb. Bunlar bizim əlimizi gücləndirir. Nisbətən aşağı yaş qruplarında da ümid bəslədiyimiz oyunçular var. Onların da üzərində çalışırıq. Zəmin yarandıqdan sonra onları da növbə ilə göndərəcəyik.
- Samirdən sonra elə bir futbolçu varmı ki, “bu artıq getməlidir” deyirsiz?
- “Artıq getməlidir” deməyim, ancaq o siqnalları verən bir neçə oyunçu var. Hansı ki, vaxtı ilə Samirdə, Fəriddə gördüyümüzü onlarda da görürük. Ad çəkib, başlarını döndərmək istəmirəm. Amma müəyyən şeylər var ki, danışırıq, onlara getmək üçün nələri etməlidirlər, izah edirik. İstər dil öyrənmək baxımından, istər çalışmaq baxımından müəyyən istiqamətlər veririk. Artıq sonra necə olacaq, bilmirəm.
- Amin Seydiyevin adını çəkdiz, yəqin onunla da əməkdaşlıq edirsiz. Son mövsümdə sərgilədiyi oyunla bir çox klubun diqqət mərkəzinə düşmüşdü. Əsasən də adı “Qarabağ”la hallanırdı. Təklif varmı Aminə?
- Bəli, əməkdaşlıq edirəm. Klub adı və ya başqa bir şey demək istəmirəm. Amin əvvəldən öz üzərində çalışırdı. Bizim futbolçularda olan əsas problem öz üzərlərində işləməmələri, xarakter göstərməmələridir. Ancaq sevindirici haldır ki, Amində bu problem yoxdur. O, hər şeyin əziyyət çəkməklə həll olunduğuna inanan oyunçudur. Ona inamımız çoxdur. Amma Aminin gəldiyi bu səviyyə, onun potensialı deyil. Amin daha yüksək səviyyədə və çox oynamağa qadir futbolçudur. Bunu onun işinə kölgə salmaq məqsədi ilə demirəm. Özüylə də danışıqlarımız olur. U-21 millisinə dəvət olundu, əsas milliyə dəvəti ilə bağlı müzakirələr də oldu. Kimi deyirdi çağırılsın, kimi deyirdi o səviyyədə deyil. Ancaq Amin bunlara fikir verməməlidir. Əsas prioriteti “Qəbələ”də, milli komandada oynamaq deyil, peşəkar səviyyədə Avropa klublarında çıxış etmək olmalıdır. Özü də bunu dərk edir və öz üzərində çalışır.
- Sizcə, hazırda Azərbaycan Premyer Liqasında çıxış edən yerli futbolçular arasında Avropanın ortabab klublarında oynaya biləcək oyunçu varmı?
- Bizim yaralı yerlərimizdən biri də budur. Təbii ki, Avropa klublarında oynamağa layiq futbolçularımız var. Burda əsas məqam bizim klubların bu işə necə yanaşması, necə münasibət göstərməsidir. Bizim klubların əksəriyyəti yerli futbolçuların ölkə xaricinə yollanması üçün lazım olan dəstəyi vermir. Onsuz da, bizim futbolçulara tələbat yoxdur. Loru dildə desək, biz özümüz öz gücümüzlə nəsə etməyə çalışırıq. Ancaq əksər klublarımız belə bir şərait yarananda, hansısa futbolçunu böyük bir kluba təqdim edəndə, elə şərtlər qoyurlar ki… Yəni azərbaycanlı futbolçunu hansısa kluba və bu şərtlərlə təqdim edəndə alınmır, reallıqla uzlaşmır bunlar. Buna görə heç bir kluba da nəsə deyə bilmərik, haqqımız çatmır. Yəni reallıqdır. Bizim futbolçunun xarici kluba getmək şansı az da olsa yarananda və ya ehtiyac olanda, təqdim edilən şərtlər düz deyil. Bizim belə şərtlər qoyacaq səviyyədə klub markamız, futbol çəkimiz yoxdur ki, deyək bunu etsəz, futbolçumuzu verəcəyik. Elə etməliyik ki, bizim futbolçulara da maraq yaransın. Amma yenə deyirəm, klublara bir şey deməyə haqqımız yoxdur. Peşəkar klubdurlar və özlərinin tam hüquqları var. Son dövrlərdə “Qəbələ” klubu bu yöndə çox dəstək olub, istənilən şəraiti yaradırlar. Artıq klub da buna maraqlıdır. Məsələn, Fərid Nəbiyev gedəndə şərtlər nə idi, Kamran gedəndə bir az da yaxşılaşır. Samirin müqaviləsində olan şərtlər də “Qəbələ” üçün faydalıdır. Oyunçu artdıqca, bizim də əlimiz güclənir, daha yaxşı şərtlərlə müqavilə bağlayırıq. “Qəbələ” üçün hər şey daha yaxşı şərtlərə doğru gedir. “Qəbələ”dən başqa, “Sabah”da artıq buna maraqlıdır. Onlar da futbolçularının xaricə getməsi üçün lazım olan şəraiti yaratmağa hazırdırlar. “Sabah” rəhbərliyi ilə də danışığım olub, yenə də müzakirələr olacaq. Onlar da öz yetirmələrini xaricə yollamağa çox maraqlıdırlar.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin