“Beşiktaş”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Beşiktaş”ın sabiq futbolçusu, uzun müddətdir zədə səbəbindən yaşıl meydanlardan kənarda qalan türk əsilli avstriyalı yarımmüdafiəçi Vəli Kavlak karyerasını başa vurub.
Komanda.az xəbər verir ki, 33 yaşlı oyunçu bu barədə Avstriya mətbuatına açıqlamasında məlumat verib:
“Əslində karyeramı başa vurmağım çoxdan bəllidir. Zədə səbəbi ilə 2017-ci ildən futbol oynaya bilmirəm. Amma bu zədə səbəbindən psixoloji olaraq o qədər ciddi sarsıntı keçirirdim ki, rəsmi bir açıqlama verə də bilmirdim. Çox üzgün idim, futbolu erkən buraxmağı uzun müddət qəbul edə bilmədim. Təəssüf ki, artıq geri dönmək üçün edəcəyim bir şey qalmayıb. Çiynimdəki zədəm hələ də davam edir. Doqquzu çiynimdən olmaqla bütövlükdə 15 dəfə əməliyyat olundum. Yenidən futbola qayıtmaq üçün çox çalışdım. Amma bunun mümkün olmayacağını böyük üzüntü ilə qəbul etdim”.
Kavlak Avstriyanın “Rapid” (Vyana) klubunun yetirməsidir. O, peşəkar karyerasına da 2004-cü ildə məhz bu komandada başlayıb. Bu komandada keçirdiyi 7 mövsüm ərzində 181 matça çıxan yarımmüdafiəçi, 16 qol vurub. 2011-ci ildə futbolçu 750 min avro qarşılığında “Beşiktaş”a transfer olub. O, 2018-ci ilə (klubla müqaviləsinin müddəti bitənə) qədər məhz “ağ-qaralar”ın uğurları üçün çalışıb. Kavlak “Beşiktaş”da bütövlükdə 152 matça çıxıb, 8 qol və 15 məhsuldar ötürmə müəllifi olub. O, Avstriya yığmasında da 31 oyunda 1 qolla yadda qalıb.
Bizi Facebook-da izləyin